Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti Holl” kompleksində terror törədilib. Hadisə nəticəsində 115 nəfərin xəsarət aldığı, ölənlərin sayının isə 130-a çatdığı bildirilir.
Maraqlıdır, terror aktını kim və niyə törədib? Rəsmi Moskvanın buna cavabı necə olacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, hücumda maraqlı qüvvələr var:
“Aydın məsələdir ki, tərəflər öz maraqlarına uyğun “günahkarlar” təqdim edəcəklər. Misal üçün, ilk ağıla gələn hücumun Ukrayna tərəfindən törədilməsidir. Kreml üçün də əsas günahkar Kiyevdir.
ABŞ hücumda Ukraynanın iştirakına dair heç bir əlamətin olmadığını açıqlayıb. Rəsmi Kiyev də Rusiyanı günahlandırır.
İndiki məqamda hadisə Ukrayna tərəfindən törədilməsə belə Kreml bu iddianın üzərinə gedəcək. Aydın məsələdir ki, Rusiya İkinci Çeçen müharibəsində olduğu kimi, bu hadisədən istifadə edərək Kiyevə qarşı hücumları artıracaq.
Xatırlayın, Peskov hadisənin baş verdiyi gün deyib ki, Ukraynadakı xüsusi əməliyyat artıq müharibə etabına keçdi”.
Ekspertin sözlərinə görə, Belqorod hücumundan sonra Moskvada əyləncə mərkəzinə hücum rus ictimai rəyində Ukraynanın üzərinə bütün gücü ilə getməyin zəruriliyi fikrinin hakim olacağı istisna deyil:
“Peskovun dediyi kimi, “Rusiya elə bir addım atacaq ki, Ukrayna hərbi potensialı onun vətəndaşlarını və ərazisini təhdid edə bilməsin”. Bu addım ilkin olaraq Ukrayna şəhərlərinin kütləvi bombardman edilməsi kimi görünür.
Bu kontekstdə Qərbin gedişlərindən biri Rusiyanın Ukraynaya hücumlarını “legitimləşdirmək” cəhdinə qarşı terror aktının günahkarının tapılması ola bilər. Hadisədən sonra insidentin İŞİD tərəfindən törədilməsinə dair yayılan xəbərlərin mənbəyi də məhz Qərbdir. Bundan başqa, Qərbin istəyi ilə İŞİD-dən başqa Rusiyanın Azadlığı Legionu, Rusiya Könüllüləri Korpusu, “Sibir batalyonu” kimi daxili qruplar da hadisənin məsuliyyətini üzərlərinə götürə bilər”.
Turan Rzayev
Globalinfo.az














