“Dövlət siyasətindən söhbət gedirsə, ekspertlərin, jurnalistlərin fikirləri deyil, ölkə rəhbərliyinin bəyanatları rəhbər tutulmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin ölkə televiziyalarında Ermənistan hakimiyyətinin ünvanına səsləndirilən təhqiramiz ifadələr, Baş nazir Nikol Paşinyanın “satqın” adlandırılmasına münasibətdə deyib.
Kopirkin qeyd edib ki, Rusiya və Ermənistan mətbuatında yazılan qarşılıqlı ittihamlara diqqət edilməməlidir:
“Rusiya Prezidenti və mətbuat katibinin Ermənistan rəhbərliyinin ünvanına hər hansı qeyri-adektav, qeyri-konstruktiv fikirlər səsləndirdiyinə dair heç bir nümunə yoxdur. Münasibətlərdə bu amilə diqqət edilməlidir. Doğrudur, iki ölkə arasında müəyyən anlaşılmazlıqlar var. Bəzi hadisələr emosional partlayışlara səbəb ola bilir. Lakin hazırkı situasiyada yaş və qurunu ayırmaq çox vacibdir. Ölkələr arasındakı münasibətlərə kənar təsirlərin zərər verməsindən çəkinməliyik.
“Rusiya Ermənistanı müdafiə etmədi” demək nə mənaya gəlir? Azərbaycana qarşı əks-hücuma keçməli idi? Moskva iki ölkə arasında yaşanan toqquşmalara biganə qalmadı. Gərginliyin daha da artmasının qarşısının alınması, məsələnin sülh yolu ilə tənzimlənməsi üçün lazımi addımlar atıldı. Rusiyanın regionda rolu bu idi və ona uyğun gedişlər edir”.
Ayşən Mustafa
Globalinfo.az














