Kissincerin İranla bağlı 8 il əvvəl yazdıqları gerçəkləşir – SENSASİON PLAN

“1979-cu ildə – radikal islamçılar hakimiyyətə gələnədək İran Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqlərindən biri olub. Ancaq 1979-cu ildə hakimiyyətə gələn islamçı Xomeyninin qurduğu, 1989-cu ildənsə Xamenei tərəfindən davam etdirilən “Vilayəti-fəqih” sistemi təməlində “Vestfal prinsipləri”nin durduğu Qərb düzəninə qarşı olduğundan və özündə dünya nizamına yeni baxışları əks etdirdiyindən rəsmi Tehranın “Böyük şeytan” saydığı ABŞ düz 43 ildir ki, İrandakı dini rejimi dəyişməyi və bu ölkəni əvvəlki siyasi kursuna – öz məcrasına qaytarmağı hədəfləyib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü deyib.

Onun sözlərinə görə, ABŞ strateqləri düşünürlər ki, çoxmillətli İranın etnik-milli zəmində parçalanması qlobal nizama çoxsaylı yeni problemlər gətirə bilər:

“Bu səbəbdən rəsmi Vaşinqton inadla Rusiya ilə yanaşı, İranı da sanksiyalarla sıxışdırmaqla sonda danışıqlar masasına gətirmək və onu yenidən Qərblə yaxınlaşdırmağa nail olmaq kursu seçməlidir. Məsələn, bu fikrin əsas tərəfdarlarından sayılan ABŞ-ın sabiq dövlət katibi və məşhur strateq Henri Kissincer hələ 2014-cü ildə çap etdirdiyi “Dünya Nizamı” kitabında İranın tezliklə öz gələcəyini müəyyənləşdirmək üçün ciddi seçim qarşısında qalacağını və rəsmi Tehranın hərbi nüvə proqramından, “Hizbullah” kimi radikal təşkilatları dəstəkləməkdən imtina edəcəyi təqdirdə, Qərblə münasibətlərdə kardinal dəyişikliyə nail ola biləcəyini yazırdı. Biz hazırda İran ətrafında hadisələrin məhz Kissincerin yazdığı ssenari üzrə inkişaf etdiyini görürük”.

Politoloq bildirib ki, İsraildə İranla müharibə tərəfdarı Netanyahunun yenidən hakimiyyətə qaytarılması, Türkiyə-İsrail, Türkiyə-Misir münasibətlərindəki qəfil yumşalmalar, ənənəvi Səudiyyə-İran gərginliyinin yenidən körüklənməsi, İranın “Taliban”ın öhdəsinə buraxılan Əfqanıstanla və həmçinin Pakistanla həmsərhəd Sistan-Bəlucistan bölgəsində silahlı toqquşmalar, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarında hücum təyyarələrinin sayının artırılması kimi faktlar Kissincerin vurğuladığı “İrana qarşı İsrail + sünni müsəlmanlar ittifaqı”nın artıq formalaşdırılma mərhələsində olduğunu təsdiqləyən əsas əlamətlərdir:

“Ən mühüm məsələlərdən biri də sanksiyalar altında əzilən İranın üzərindəki sanksiyaları deşməyə yollar axtaran əsas müttəfiqi Rusiya ilə yeganə quru əlaqəsini təmin edən ölkə – etnik və məzhəb qardaşı Azərbaycanla da münasibətlərinin indiyədək görünməmiş şəkildə pisləşməsidir”.

E.Şükürlünün sözlərinə görə, 44 günlük Qarabağ savaşından sonra Türkiyə və Azərbaycan prezidentləri tərəfindən bölgədə sülh və əməkdaşlıq platforması kimi təklif edilən “3+3” formatına İran da dəfələrlə dəvət edilib, ancaq rəsmi Tehran hələ də bundan boyun qaçırmağa üstünlük verir və bu formatı özünə qarşı gələcək təhlükələrin yeni mənbəyi kimi görür:

“Ümumiyyətlə, rəsmi Tehranda ciddi bir qorxu və təlaş var ki, ABŞ Rusiya ilə Ukrayna məsələsində, Cənubi Qafqaz mövzusunda da Türkiyə ilə pərdəarxası sövdələşməyə gedərək, İranın vurulmasına qarşı da çıxan hər iki ölkəni İrana qarşı hərbi əməliyyatlara razı sala bilər.

Əlbəttə, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də onların hər iksinin mövqeyinin güclü olduğu Türk Dövlətləri Təşkilatı (TDT) əhalisinin əksəriyyəti etnik türklərdən ibarət müsəlman İrana qarşı hər hansı hərbi əməliyyatı dəstəkləmirlər və həmişə də bu plana qarşı çıxıblar, ancaq eyni zamanda, İranın 44 günlük Qarabağ savaşının nəticələrini qəbul etməsində də çox maraqlıdırlar. Elə İrandakı türklərin hüquqları məsələsini məhrətlə TDT vasitəsilə gündəliyə gətirməklə, kritik durumda olan rəsmi Tehrana başa salırlar ki, Ermənistanı müdafiə siyasətindən və “Zəngəzur dəhlizi”nin açılmasındakı inadkarlığından əl götürməzsə, İrandakı iğtişaşların genişlənməsində “türk amili”ni çox tezliklə ön plana çıxara, bu işdə isə Qərbdən çox böyük dəstək ala bilərlər.

İran bizə İraq kimi ölkə deyil, ancaq bu gün yaşananlar 2003-cü ildəki Səddamın İraqını çox xatırladır”.

Turan Rzayev
Globalinfo.az