Sentyabrın 1-də baş tutan parlament seçkilərindən sonra mediada və ictimaiyyətdə müzakirəyə çıxarılan məsələlərdən biri də yeni, ilk dəfə deputat seçilən şəxslərlə bağlıdır.
Belə ki, bu siyahıya aid olan namizədlər arasında Google-da axtarış verdikdə barələrində heç bir məlumat çıxmayanlar da var. Dərc olunan məlumatlar isə namizədlikləri qeydə alındıqdan bu yana verilən informasiya xarakterli materiallardır. Heç bir ictimai-siyasi fəaliyyəti, təcrübəsi olmayan şəxslərin deputat olması birmənalı qarşılanmayıb. Lakin buna əks mövqedə olanlar da var. Bu mövqe sahibləri deyirlər ki, heç kim birdən-birə siyasi, ictimai keçmişə sahib ola bilməz. Klassik deyimlə ifadə edilsə, “Moskva da birdən-birə qurulmayıb”.
Bu cür “təmiz”, siyasi fəaliyyəti olmayan şəxslərin deputat olması nə dərəcədə qəbul ediləndir?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan parlamentində təmsil olunan və deputat seçilən şəxslərin ictimai-siyasi təcrübəsi olmalıdır:
Oqtay Qasımov
“Peşəkar şəxslərdən ibarət olan parlamentlər daha uğurlu, effektiv fəaliyyət göstərən parlamentlərdir. Peşəkar ictimai siyasətdə təcrübəsi, yaxud da yetkin hüquqi-iqtisadi bilikləri olan, dünyada və ölkədə baş verən, ictimai-siyasi prosesləri analiz edən, çağdaş dövrün təcrübəsinə cavab verən şəxslərdən ibarət olmalıdır.
Dünya praktikasında rast gəlinən təcrübələrdən biri də ictimai-siyasi təcrübəsi olmayan şəxslərin parlamentə düşməsi və sonradan parlament fəaliyyətləri ilə diqqət çəkərək peşəkar siyasətçi, millət vəkili kimi formalaşırlar. Bəzən isə tələblərə cavab vermədikləri üçün növbəti seçkilərdə parlamentə düşə bilmir, prosesdən kənarda qalırlar”.
Safura Bənnayeva
Globalinfo.az














