“Keçmiş deputatların terror planı real görünür”: Öncə xalqı hakimiyyətlə üz-üzə qoymaq…

“Xaricdə yaşayan rusiyalı keçmiş deputatların Rusiyada qətllər və vəziyyətin güc yolu ilə gərginləşdirilməsi məqsədilə terror planı hazırlaması tamamilə real görünür”.

Bu sözləri Globalinfo.az – a beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Britaniyanın “Tayms” nəşrinin xaricdə yaşayan rusiyalı keçmiş deputatların Rusiyada qətllər və vəziyyətin güc yolu gərginləşdirilməsi məqsədilə terror planı hazırlaması haqda məqaləsini şərh edərkən deyib.

Onun sözlərinə görə, plan uğurlu ola bilər, lakin ilk növbədə həmin deputatlar ictimai rəyi dəyişdirməlidir:

“İctimai rəy hazırda Putindən yanadır. Onu dəstəkləyən kütlə çoxdur. Digər tərəfdən, ondan qorxanlar da kifayət qədərdir. Belə bir vəziyyətdə ictimai rəyin dəyişdirilməsi planın uğurlu olması baxımından mühümdür.

İnformasiya savaşında udmaq və psixoloji müharibədə qalib gəlmək lazımdır. Fikir versək, görərik ki, artıq terror aktları ilə xalqı hakimiyyətlə üz-üzə qoymağa cəhd edirlər. Davamında isə qondarma, oyuncaq Rusiya hökumətini də yaratmağa cəhd edəcəklər ki, Putin hakimiyyəti qeyri-leqal hesab edilsin”.

Turan Rzayev
Globalinfo.az