ABŞ Prezidenti Co Bayden seçki yarışından çəkildikdən sonra vitse-prezident Kamala Harrisin namizədliyini irəli sürməsi geniş müzakirə edilir.
Bəzi iddialara görə, K.Harrisi respublikaçıların namizədi Donald Trampın qarşısına ABŞ “dərin dövləti” çıxarıb.
Demokratların qadın namizədi ilə bağlı Azərbaycanda da bir sıra ziddiyyətli fikirlər səsləndirilir. Harrisin ermənipərəst, islamafob, türklərə nifrət edən bir şəxs olduğuna dair iddialar var. Bu mənada onu Fransa Prezidenti Emmanuel Makronla müqayisə edirlər.
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov Ağ Ev uğrunda mübarizənin bütün dünyanın diqqət mərkəzində olduğunu deyib:
“Əvvəlki dövrdə mübarizə Co Bayden ilə Donald Tramp arasında idi. O zaman bir çox məqamı nəzərə alıb proqnoz vermək olurdu. Hətta bu ikili arasında keçirilən sonuncu debatdan sonra nəticə tam aydın oldu, deyə bilərik. Bu hadisədən sonra C.Baydenin mübarizəni davam etdirə bilməməsi və namizədliyini geri çəkməsi təsadüfi deyildi. O, kifayət qədər yaşlıdır. Çıxışlarında buraxdığı səhvlər, həmçinin gündəlik həyatında etdiyi yanlışlıqlar onu seçicilərin nəzdində gözdən salmışdı. D.Tramp isə bütün bunlara baxmayaraq pressinq tətbiq edir, şou xarakterli kampaniyası ilə prestijini artırırdı. Məsələn, sui-qəsddən sonra o, nəinki geri çəkildi, əksinə seçki kampaniyasında elektoratını artırmaq üçün bundan istifadə etməyə başladı”.

İlyas Hüseynov
Politoloq bildirib ki, K. Harrisin demokratlar arasında kifayət qədər nüfuzu var:
“Bundan başqa, onun C.Baydenin kölgəsində dövləti idarə etdiyinə dair ciddi iddialar səsləndirildi. Bu, həm demokratların, həm də Harrisin seçkilərdə reytinqini artırır. Belə demək mümkündür ki, Tramp Harrislə mübarizədə asan qələbə qazana bilməyəcək. Tramp rəqibinə atmacalar atmağa, onu məsxərəyə qoymağa davam edir. Bu, əslində, onun taktikasıdır. ABŞ cəmiyyəti belə şouları sevir. Tramp isə belə şeylərdə ustadır.
Düşünürəm ki, K.Harris seçilərsə, Vaşinqtonun Cənubi Qafqaz siyasətində ciddi dəyişiklik baş verməyəcək. Demokratlar və ya respublikaçılardan kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ Azərbaycanın regional əhəmiyyətini dərk edir. Buna görə mövcud münasibətlərdə radikal dəyişiklik gözlənilmir”.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabr ayında keçiriləcək.
Turan Rzayev
Globalinfo.az














