ATU-da təcili toplantı: ara qarışdı, nələr baş verir? – AÇIQLAMA

ATU-da təcili toplantı: ara qarışdı, nələr baş verir? - AÇIQLAMA

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının əməkdaşları arasında ciddi narazılıqların olduğu bildirilir. İşçilər əməkhaqlarının və klinikanın kommunal xərclərinin ödənilməməsindən şikayətlənirlər.

Məsələ ilə bağlı universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova Globalinfo.az-a açıqlamasında problemin artıq həll olunduğunu deyib:

“Məsələ artıq həll olunub. Klinikanın bir sıra nümayəndələri şikayət üçün Səhiyyə Nazirliyinə müraciət etmişdilər. Sonra biz onları universitetə dəvət etdik. Şikayətçilərin universitetin rektoru Gəray Gəraybəyli və prorektorlarla görüşü keçirildi. Hər birinin müraciəti dinlənildi, iki aydır maaşlarının verilmədiyini bildirdilər. Bunun səbəbi hazırda araşdırılır. Amma ilkin olaraq dünən Elmi Şuranın verdiyi qərara əsasən xüsusi hal nəzərə alınaraq əməkdaşların iki aylıq maaşının və klinikanın kommunal xərclərinin universitet büdcəsindən ödənilməsi ilə bağlı qərar verildi. Ödənişlər bu gün həyata keçiriləcək.

Klinika rəhbərliyindən kiminsə işdən ayrılması xəbəri isə həqiqəti əks etdirmir. Heç kim işdən çıxmayıb”.

Qeyd edək ki, əməkhaqlarının ödənilməməsi səbəbilə klinikanın direktoru, professor Surxay Novruz oğlu Musayevin səhhətində yaranan problem səbəbilə vəzifəsindən istefa verdiyi deyilir.

ATU-dakı sözügedən durumla bağlı ilk məlumatı “Qaynarinfo” yayıb.

Ayşən Mustafa
Globalinfo.az