“İsrailin AB ilə münasibətlərini tənzimləyən müqavilə çərçivəsində insan haqları öhdəliklərini pozduğuna dair göstəricilər var”.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik xidmətinin yaydığı sənəddə bildirilir.
Avropa Xarici Əlaqələr Xidməti sənəddə qeyd edir ki, “müstəqil beynəlxalq təşkilatların qiymətləndirmələrinə əsasən, İsrail Aİ-İsrail Assosiasiya Müqaviləsinin 2-ci maddəsi üzrə insan haqları öhdəliklərini pozmaqdadır”.
Sənəddə vurğulanır: “İsrailin ərzaq, dərman, tibbi avadanlıq və digər həyati vacib yardımların təminatına tətbiq etdiyi məhdudiyyətlər Qəzzada yaşayan bütün əhaliyə mənfi təsir göstərir”.
Qeyd edək ki, ötən ay Aİ-nin baş diplomatı Kaya Kallas ittifaq üzvlərinin yarıdan çoxunun dəstəyi ilə İsrailin müqavilə şərtlərinə əməl edib-etmədiyini yoxlamaq qərarını elan etmişdi. 2000-ci ildə qüvvəyə minən müqaviləyə əsasən, Aİ və İsrail münasibətlərini insan haqlarına və demokratik prinsiplərə hörmət üzərində quracaqlarını razılaşdırıblar.
İsrail isə beynəlxalq hüquqa hörmət etdiyini və Qəzzadakı əməliyyatların oktyabrın 7-də İsrailə hücum edən HƏMAS qrupunun məhv edilməsi üçün zəruri olduğunu bəyan edir.
İsrailin Aİ-dəki missiyası isə mövzu ilə bağlı şərh verməyib.
Sənəd Qəzza ilə bağlı insanlara yardımın məhdudlaşdırılması, çoxsaylı itkilərə səbəb olan hücumlar, xəstəxana və tibbi obyektlərin hədəfə alınması, yer dəyişdirmələr və məsuliyyətin olmaması kimi məsələlərə geniş yer ayırıb.
Aİ xarici işlər nazirləri bazar ertəsi Brüsseldə keçiriləcək toplantıda bu hesabatı müzakirə edəcək.
Aysel Əliyeva
Globalinfo.az














