İsrail əsas taktikasını işə saldı, region qarışdı – Bakının mövqeyi belə olacaq

İsrail əsas taktikasını işə saldı, region qarışdı - Bakının mövqeyi belə olacaq

Xəbər verdiyimiz kimi, iyulun 17-də gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqə hava hücumları həyata keçirib. Hazırkı proses yeni gərginliyin siqnalı kimi qiymətləndirilir. Bu gedişat, xüsusilə Suriyanı bölərək kürd dövləti yaratmaq cəhdləri ilə bağlı suallar doğurur. Belə bir vəziyyətdə Azərbaycanın mövqeyi və bu prosesə necə reaksiya verəcəyi diqqətlə izlənilir.

İsrail niyə bu qədər israr edir? Suriyanı bölərək kürd dövləti yaratmaq cəhdi nə qədər real görünür? Baş verənlərə Bakının mövqeyi necə olacaq?

Globalinfo.az-a danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı deyib ki, proseslərin davamiyyəti Suriyanın İsrailin tələblərinə reaksiyasından asılı olacaq:

“Təl-Əviv ilk növbədə regional təhlükəsizlik sistemini dəyişməyə və özünə təhlükə yarada biləcək bütün nöqtələri dağıtmağa çalışır. Bu, bəzən müəyyən qruplaşmalar, siyasi və silahlı qruplar, bəzən isə dövlətlərdir. İsrail perspektivdə təhlükə hesab etdiyi mərkəzləri ya zəiflədir, ya da sıradan çıxarır. Bu yanaşma sözügedən ölkənin strateji məqsədlərinin bir parçasıdır. Lakin Suriyanın bölünməsi tək İsraildən asılı deyil. Regionda və qlobal səviyyədə digər güclərin mövqeyi də əhəmiyyət kəsb edir”.

İsrail əsas taktikasını işə saldı, region qarışdı - Bakının mövqeyi belə olacaq

Araz Aslanlı

Politoloq bildirib ki, Azərbaycan adətən başqa bölgələrdə baş verən və regional xarakter daşıyan məsələlərə ciddi reaksiya bildirmir:

“Bu, ölkənin xarici siyasətinin əsasını təşkil etmir. Rəsmi Bakının prioriteti öz ərazilərini Ermənistanın işğalından azad etmək, milli təhlükəsizliyini, ərazi bütövlüyünü və suverenliyini təmin etmək olub. İkinci prioritet isə yerləşdiyi coğrafiyanın təhlükəsizliyini təmin etmək və bu bölgədə əməkdaşlıq mühitini gücləndirməkdir. Azərbaycan yalnız regiondakı proseslər ciddi narahatlıq doğurduqda və ya qlobal sistemdə ədalət məsələləri gündəmə gəldikdə mövqeyini bildirir”.

Ekspert qeyd edib ki, Bakı və Təl-Əviv strateji xarakter daşıyan münasibətlərə sahibdir:

“Əsəd rejimi isə Ermənistanı dəstəkləyib və buna görə Azərbaycanla əlaqələr uzun müddət gərgin olub. Son dövrlərdə bu münasibətlər yaxşılaşmağa doğru gedir. Bu baxımdan, Azərbaycan tərəflər arasındakı gərginlikdən rəsmi səviyyədə narahatdır. Fikrimcə, bunun miqyası böyüyərsə və müddəti uzanarsa, Azərbaycan tərəfləri sülhə dəvət edə, beynəlxalq hüququn əsas prinsiplərini vurğulamaqla münasibət bildirə bilər”.

Ləman İmran
Globalinfo.az