Fidandan İsrailin hücumlarına kəskin reaksiya

Fidandan İsrailin hücumlarına kəskin reaksiya
“Diplomatiya müharibənin yeganə alternatividir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarına münasibət bildirərkən deyib.

Nazir Fidan “X” hesabında paylaşım edərək milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi general Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla birgə İsrailin hava hücumlarını və onların mümkün nəticələrini müzakirə etdiklərini açıqlayıb.

Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın hadisələri ilk andan etibarən yaxından izlədiyini və mütəmadi məlumatlandırıldığını vurğulayıb. O qeyd edib ki, əlaqədar qurumlar prezidentin təlimatlarına əsasən, Türkiyəyə təsir edə biləcək ssenarilərə qarşı bütün zəruri tədbirləri görüb.

Türkiyənin İran, İraq, İordaniya və ABŞ daxil olmaqla bir sıra ölkələrlə sıx təmasda olduğunu deyən nazir İsrailin bölgədə sabitliyi pozmağa yönələn siyasətindən dərhal imtina etməli olduğunu bildirib.

“Qəzzada insanlıq faciəsinə səbəb olan, Livanı qeyri-sabitliyə sürükləyən, Suriyanı işğal etməyə yönələn və bu gün də İranı hədəfə alan İsrailin bu strategiyasına son qoyulmalıdır”, – o deyib.

Aysel Əliyeva
Globalinfo.az