Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Şuşanın Allahqulular və Zamanpəyəsi kəndlərinə nəzarəti bərpa edib. Artıq neçə gündür Azərbaycan Ordusunun hissələri işğaldakı yüksəklikləri və kəndləri separatçılardan təmizləyir. Bu proses hərbi əməliyyatlarsız, “səssiz müharibə” taktikası ilə icra olunur.
Belə bir versiya səslənir ki, bu, Ermənistanla razılaşdırılmış ssenaridir. Yəni Paşinyan sülh sazişinin uzanmasını görüb (daxili auditoriya buna qarşıdır) sülhə bu cür yaxınlaşır.
Maraqlıdır, bu versiya nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Prezident İlham Əliyev ötən il çıxışlarının birində bildirmişdi ki, 2023-cü il Ermənistan üçün son şans ili olacaq:
Züriyə Qarayeva
“Bu il ordumuz tərəfindən icra edilən əməliyyatlar və əldə edilən ciddi nəticələr də göstərdi ki, həmin bəyanat öz təsdiqini tapır. Biz qarşı tərəfin öhdəliklərini icra etməsi üçün zaman tanıdıq, səbr etdik. Ancaq eyni zamanda dedik ki, ötən 30 il göstərdiyimiz səbri nümayiş etdirmək fikrimiz yoxdu. Bu da nəticə”.
Ekspert bildirib ki, ordunun əməliyyatları zərgər dəqiqliyi ilə, sərrast manevrlərlə aparılır:
“Məlumdur ki, yerdə qalan problemlərin həllində əsas əngəl Laçın dəhlizində nəzarətin olmaması ilə bağlı idi. Separatçılar da həmin yoldan istifadə ilə canlanırlar. Bu gün ordumuzun əməliyyatları, eləcə də keçirilən aksiyalar sayəsində həm köhnə, həm yeni Laçın yoluna nəzarət əldə edilib. Separatçıların nəfəsliyi demək olar ki, tıxanıb. Geridə qalan tək addım nəzarət postunun quraşdırılmasıdır.
Bu durumda onların buna mane olmaq şansı da qalmır. Çünki bu günə qədər yollardan istədikləri şəkildə istifadə edirdilər. İndi bu imkanlar aradan qaldırıldığı üçün postun quraşdırılmasına mane olmaq üçün heç bir səbəb qalmır. Paşinyana gəldikdə isə o, sülh sazişinə məcburən yaxınlaşır. Çünki İrəvan üçün də bütün yollar bağlanıb. Rusiya kömək etmir və ya edə bilmir, Avropa İttifaqı Bakı ilə hesablaşmaq məcburiyyətindədir, İranın isə öz gününə ağlayan lazım. Bu durumda ipə-sapa yatmaqdan başqa çıxış yolu yoxdur”.
Turan Rzayev
Globalinfo.az














