İrəvan danışıqları dayandırdı: ordu həmləsi etdi – Generaldan xəbərdarlıq

İrəvan danışıqları dayandırdı: ordu həmləsi etdi – Generaldan xəbərdarlıq

ABŞ ordusunun rəsmi nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışması birmənalı qarşılanmayıb. Vaşinqtonun Ermənistan ordusunu gücləndirməsi istiqamətində addımları sülh prosesinə zərbə və İrəvanı yeni eskalasiyaya sövq etmək kimi qiymətləndirilir. Xüsusən ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən yayınması fonunda bu proses diqqət çəkir.

Mövzunu Globalinfo.az-a şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauzun sözlərinə görə, ABŞ-ın Ermənistanla bağlı atdığı addımlarda iki əsas məqsəd var:

“İlk məqsəd Rusiyanı qıcıqlandırmaq, Moskva və İrəvanın strateji ortaqlığını sarsıtmaq, mərhələli şəkildə bitirmək, rolunu əlindən almaqdır.

İkinci məqsədə də artıq keçid başlayıb: “Eagle Partner” hərbi təliminin növbəti mərhələsi keçirilir, Blinkenin köməkçiləri mütəmadi şəkildə İrəvana gəlib, Paşinyan hökumətini Rusiya ilə əlaqələrin tamamilə qopacağı dövrə hazırlayırlar. Daha sonra isə rus hərbi bazasını Ermənistandan çıxaracaqlar. Əlbəttə, baş verənlər ABŞ-ın öz mənafeyi naminə Cənubi Qafqazda yenidən hərbi alovlanmaya səbəb ola bilər. Bir tərəfdən belə addımlar atırlar, digər tərəfdən Metyu Miller hansısa “çətin kompromis”lərdən bəhs edir”.

İrəvan danışıqları dayandırdı: ordu həmləsi etdi – Generaldan xəbərdarlıq

Y.Karauz deyib ki, Azərbaycan qalib ölkə kimi sülh müqaviləsinin normal şərtlərlə imzalanması üçün artıq 4 ildir müzakirələr aparır:

“Elə bunun özü Ermənistana ən böyük güzəşt, humanizm nümunəsidir. Ancaq indi Vaşinqtonun etdikləri ikili standartların, siyasi eqoizmin örnəyidir. ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona çağırıb, qarşıdakı seçkilərə qədər sülh müqaviləsinin imzalanmasını öz adlarına yazmaq istəyir. Azərbaycanın məlum tələbləri yerinə yetirilmədən sülh müqaviləsinin imzalanması gələcəyi təhlükə altına salmaqdır. İndiki mərhələ KTMT üzvü olan Ermənistanın təşkilatdan ayrılmasına qədər davam edəcək prosesin başlanğıcıdır”.

General-leytenantın sözlərinə görə, hədəf uzunmüddətli dövrdə İranı şimal sərhədlərindən çevrələmək, Mərkəzi Asiya üçün bölgəni tramplin kimi istifadə etmək və Türkiyə ilə Azərbaycana təhdid yaratmaqdır:

“ABŞ atdığı addımlarla bilərəkdən və istəyərəkdən Cənubi Qafqazda yeni münaqişənin yaranmasını və buranın qan gölünə çevrilməsini istəyir. Prosesin sonunda hər kəsə zərər dəyə bilər. Ancaq Türkiyə və Azərbaycan bunu görür, preventiv addımlar atır. Ermənistan isə ən çox zərəri özünün görəcəyini və dövlətçiliyini itirmə təhlükəsi ilə üzləşəcəyini bilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az