İranla birgə hərbi təlim, Fələstin bəyanatı – Bakı Yaxın Şərq siyasətinə yenidən baxır

Azərbaycanın son vaxtlar atdığı bir neçə addım geopolitik baxış bucağından ciddi müzakirə edilir. Onlardan biri Azərbaycan və İranın taktiki təlimlərə keçirməsidir. 2024-cü ilin planına uyğun olaraq, iyunun 12-də Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlimləri başlanıb.
İkinci müzakirə mövzusu rəsmi Bakının Fələstin dövlətinin yaradılması ilə bağlı verdiyi bəyanatdır. Prezident İlham Əliyev ötən həftə Misirdə olarkən bildirmişdi ki, Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.

Bu proses müttəfiqimiz İsraili narazı sala bilərmi? Həmçinin, Bakının bu addımları ABŞ-da hər hansı qısqanclığın, qıcığın yaranmasına gətirib çıxararmı?

Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, Azərbaycan İranla qonşu ölkədir, zaman-zaman münasibətlər gərginləşir, qarşılıqlı ittihamlar səsləndirilir. Amma hər kəs anlayır ki, iki qonşu və tarixi bağı olan dövlətin əbədi düşmən olması mümkün deyil:

“Bu hər iki tərəfə ziyan verir. Buna görə də iki ölkə ortaq maraqlar üzərində dil tapır və birgə layihələr həyata keçirir. Hazırda son 2-3 ildə davam edən gərginlik yumşalıb, yaxınlaşma var. Amma bu yaxınlaşma hansısa üçüncü dövlətə qarşı fəaliyyətə, hansısa bir ittifaq və ya blok deyil. Hər bir qonşu ölkənin etdiyi və etməli olduğu fəaliyyətlərdir. Qonşu ölkələr birgə enerji, nəqliyyat, iqtisadi, ticari, o cümlədən hərbi və terrorizmə qarşı, sərhədlərin birgə mühafizəsi kimi məsələlərdə qonşuluqla birbaşa bağlı olan əməkdaşlıq həyata keçirə bilər. Necə ki, hazırda Azərbaycan və İran bunu edir. Fələstin məsələsinə gəlincə, bu, Azərbaycanın müstəqil dövlət olduğu ilk gündən müəyyən olunmuş strateji siyasi xətdir”.

Politoloq vurğulayıb ki, Azərbaycan özü işğala məruz qalmış və BMT qətnamələrinin icrasını tələb edən bir dövlət olaraq, Fələstin məsələsində də beynəlxalq hüquq və BMT sənədlərinin icrasını tələb edib və dəstəkləyib:

“Fələstin dövlətinin yaradılması BMT tərəfindən dəfələrlə səs verilmiş, qətnamələrlə möhkəmləndirilmiş beynəlxalq mövqedir. Hansı ki, ABŞ, Rusiya, Çin kimi dövlətlər də Fələstin münaqişəsinin BMT qərarları çərçivəsində həllini və 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövləti yaradılmasını dəstəkləyir. Bu mövzuda yenilik yoxdur.
Azərbaycanın İsraillə dostluğu beynəlxalq qərarlara təsir edə bilməz. Çünki birincisi ortada ədalət məsələsi, qüvvədə olan beynəlxalq qanun və qərarlar var. Ona qalsa, İsrailin ən yaxın dostu və müttəfiqi ABŞ-dır, amma Birləşmiş Ştatlar özü də 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Bütün bunları nəzərə alanda Azərbaycan-İsrail münasibətlərinin zədələndiyi və ya pozulduğunu demək üçün hər hansı bir əsas yoxdur. Azərbaycan müstəqil dövlətdir, öz xarici siyasətini özü müəyyən edir”.

Safura Bənnayeva
Globalinfo.az