İranda hicab qadağasının aradan qalxdığı, buna əməl etməyən qadınların artıq təqibə məruz qalmayacağı bildirilir.
Maraqlıdır ki, bu qərar tam da 3 il öncə İranda hicaba görə şiddətli aksiyaların başladığı tarixlərə təsadüf edib. 2022-ci ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmini hicaba görə polis tərəfindən döyülərək öldürüldü. Bu hadisə ölkədə kütləvi etirazlara səbəb oldu.
Qərarın açıqlanma tarixinin məhz bu zamana düşməsi məqsədyönlü addımdır? Tehran hakimiyyəti hansı siyasi xətti əsas tutub?
Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar mərkəzinin sədri, siyasi şərçi Sədrəddin Soltan deyib ki, üç il öncə İranda 22 yaşlı Məhsa Əmininin qətlə yetirilməsindən sonra başlayan hicab əleyhinə etirazlar bu gün də öz təsirini göstərməkdədir:
“Hökumətin həmin vaxt sərt reaksiyası bütün ölkədə hicaba qarşı kütləvi itaətsizlik dalğasına yol açdı. Bunun nəticəsində ölkədə bəzi xanımlar hələ də hicab qadağasına əməl etmir.
2024-cü ilin yayında Tehran hakimiyyəti “Hicab və İffət” qanununu daha da sərtləşdirməyə cəhd göstərdi. Qanun qəbul olunsa da, Prezident Məsud Pezeşkian onun sərtliyini nəzərə alaraq icrasını dayandırdı.
Bu qanunun qəbulu İran cəmiyyətində ciddi narazılıq doğurdu, beləliklə yeni etirazların baş qaldıracağı artıq gözlənilən idi. Sadəcə, İsrail və İran arasında baş verən gərginliklər prosesi müvəqqəti olaraq arxa plana keçirdi və qanunun tətbiqi ertələndi. İndi isə bu məsələyə yenidən qayıdılır.

Sədrəddin Soltan
Cəmiyyətdə bu məsələ ətrafında iki əsas fikir formalaşıb: bir tərəf “Hicab və İffət” qanununun qəbulunu məqbul sayır, digər tərəf isə bu qanunun artıq dövrün tələblərinə uyğun gəlmədiyini və faktiki olaraq qüvvədən düşdüyünü düşünür. İran cəmiyyəti artıq hicabsız qadınların küçələrdə, ictimai məkanlarda görünməsinə alışıb. Belə bir şəraitdə qanunun yenidən sərtləşdirilməsi Tehran hakimiyyəti üçün risklidir, çünki yeni təzyiqlər və etirazlar rejimə baha başa gələ bilər.
Hazırda Tehran bu qanunun tətbiqinə tam ciddi yanaşmır, lakin onu rəsmi şəkildə ləğv də etmir. Çünki bu, gələcəkdə cəmiyyəti yenidən basqı altında saxlamaq üçün alət ola bilər”.
Safura Bənnayeva
Globalinfo.az














