İran Zəngəzur dəhlizinə razılaşa bilər – 4 ölkənin təzyiqi

İran Zəngəzur dəhlizinə razılaşa bilər - 4 ölkənin təzyiqi

“İran Zəngəzur dəhlizinin açılmasını özünün milli maraqlarına təhdid kimi görür”.

Bu sözləri Globalinfo.az-a politoloq Tural İsmayılov Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsinə İranın reaksiyası barədə danışarkən deyib.

O bildirib ki, Zəngəzur dəhlizini əngəlləyən qüvvələrdən biri də İrandır:

“İran əlindəki bütün vasitələr və qüvvələrdən istifadə edir. Hətta bəzən daha irəli gedərək hədələyir. Rəsmi Tehran bu istiqamətdə həm Bakıya, həm də İrəvana təzyiq göstərməyə çalışır.

İran Zəngəzur dəhlizinə razılaşa bilər - 4 ölkənin təzyiqi

Tural İsmayılov

Cənub qonşumuz dəhlizin açılması fonunda türk dünyası arasında quru bağlantısının yaranacağını, növbəti mərhələdə isə Güney Azərbaycanda müstəqillik istəklərinin artacağını düşünür. Hətta deyərdim, bu prosesi Bakı və Ankaranın başladacağını ehtimal edir. Təbii ki, bütün bunlar boş paronoyadan başqa bir şey deyil.

İran Rusiya faktoruna görə bu dəfə məsələyə loyal baxa bilər. Kreml və Tehran başqa sahələrdə əməkdaşlıq etsə də, Zəngəzur dəhlizi ilə bağlı fikirləri bir qədər fərqlidir. Amma Azərbaycanın, Çinin, Türkiyənin, Rusiyanın bu məsələdə maraqlarının üst-üstə düşməsi Tehranı geri addım atmağa vadar edə bilər”.

Turan Rzayev
Globalinfo.az