İran hər an hücuma məruz qala bilər – Hərbi hazırlıq pik həddə

İran hər an hücuma məruz qala bilər - Hərbi hazırlıq pik həddə

Xəbər verdiyimiz kimi yanvarın 21-dən İranın qərbindəki Kirmanşah vilayətində 9 günlük hərbi təlimlər başlayıb. Hazırda İran ordusunun “Güc” təlimləri də davam edir. Yanvarın 4-də başlayan bu təlimlərə ordu hissələri, eyni zamanda SEPAH cəlb edilib. Təlimlərin marta qədər davam edəcəyi gözlənilir.

Xatırladaq ki, bu cür təlimlər 2022-ci ilin payızında da keçirilirdi. O vaxt bu, Azərbaycana əzələ nümayişi, hədə-qorxu kimi dəyərləndirilirdi. Hətta SEPAH ölkəmizə hücumun imitasiyasını göstərirdi. Bakı isə Türkiyə ilə birgə eyni vaxtda 3 bölgədə hərbi təlim keçirməklə buna cavab verdi.

Hazırkı təlimlər İranla Azərbaycan arasında son vaxtlar yaranmış gərginlik fonunda diqqət çəkir. Bu, yenə rəsmi Bakıya təhdid mesajıdır? Yoxsa başqa məsələlər var?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Rövşənoğlu deyib ki, bunların bir qismi sistematik təlimlərdir:

“İran böyük ölkədir. Ərazisi çox genişdir, demək olar ki, müxtəlif istiqamətlərdə mövsümi təlimlər olur. Həmin təlimlər də ilboyu davam edir.

Ancaq hazırda İranın xüsusi olaraq İsrailin hava hücumu ilə bağlı narahatlıq var. Yəni ehtimallardan biri budur ki, İsrail Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasından sonra İranın nüvə proqramına zərbə vurmaq üçün hava əməliyyatı həyata keçirəcək. Bu səbəbdən də İran ordusu mümkün hava hücumlarına qarşı hazırlıqlar görür.

İran hər an hücuma məruz qala bilər - Hərbi hazırlıq pik həddə

Kənan Rövşənoğlu

Suriyada Bəşər Əsədin devrilməsindən sonra İsrailin İrana “yolu” belə demək olarsa açılıb və indi İsrail təyyarələri daha rahat şəkildə İrana uça biləcəklər. Çünki onlara mane olacaq Bəşər Əsəd hakimiyyətinin HHM sistemləri və Rusiya HHM sistemləri artıq mövcud deyil.

Ona görə də İsrailin zərbə riski yüksəlib. İran ABŞ-la danışıqlara başlayana qədər bu risk yüksəkdir. Təlimlərin bir səbəbinin də bu olduğu güman edilir”.

Safura Bənnayeva
Globalinfo.az