İran Azərbaycana qarşı yeni birlik yaradır – Tehranın müəmmalı Qafqaz siyasəti

“Çox təəssüf ki, özünü Qərbin düşməni elan edən İran Ermənistan mövzusunda Qərbin, xüsusilə Fransanın tezisləri ilə hərəkət edir”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Ə.Zülfüqaroğlu əlavə edib ki, istər Vətən müharibəsinə qədər, istər müharibə zamanı və ondan sonrakı dövrlərdə, həmçinin hazırda İranın mövqeyi Fransanın mövqeyi ilə eynilik təşkil edib:

“Azərbaycan İranla münasibətləri normallaşdırmağa çalışsa və praktiki addımlar atsa da, Tehranın mövqeyi adekvat olmayıb. Azərbaycan öz ərazisindən İrana qarşı istifadə üçün üçüncü qüvvələrə heç bir zaman icazə verməyib. Bu, Azərbaycanın prinsipial mövqeyidir. Amma Ermənistanın ayaqda qalması üçün hər cür dəstək göstərən İran Qərbin İrəvana gətirilməsi ilə Ermənistandan xəyanət görüb.

Məntiq onu deməyə əsas verirdi ki, Ermənistan ABŞ və Fransa ilə yaxınlaşandan sonra Tehran İrəvanla münasibətlərinə yenidən baxacaq. Amma bu, quru bəyanatlardan o tərəfə keçmədi. Halbuki Qərbin Ermənistanda möhkəmlənməsi Rusiyadan öncə İran üçün təhdiddir”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, son zamanlar İranın Fransa ilə birlikdə hərəkət etdiyi aşkar görünür:

Fransa ve İran cumhurbaşkanları nükleer sorunu görüştü

“Fransanın Ermənistandakı səfirinin açıqlaması isə pərdəarxası məqamları üzə çıxardı və İranın əks-arqumenti üçün yer qalmadı. Fransanın İrəvandakı səfiri Olivye Dekotininin “İranla bir çox məsələdə fikir ayrılığımız var, amma Ermənistanın müdafiəsi razılaşdığımız məsələdir”, – deməsi hər şeyi ortaya qoyur.

İranın ABŞ-la Yaxın Şərqdə, Fransa ilə isə müxtəlif istiqamətlərdə, o cümlədən Cənubi Qafqazda bir çox hallarda bərabər hərəkət etməsi sirr deyildi. Amma İran bunu həmişə qətiyyətlə təkzib edib. Fransa səfirinin açıqlaması isə hər şeyi ortaya qoyur. Bu, İran hökumətinin həm İran xalqı qarşısında, həm də islam ölkələri arasında imicini ciddi şəkildə zədələyir”.

Politoloq əlavə edib ki, Azərbaycan öz haqları uğrunda ədalətli və beynəlxalq hüquqa söykənərək siyasət yürüdür:

“Azərbaycan eyni zamanda regional və beynəlxalq səviyyədə mövqelərini kifayət qədər möhkəmləndirib. Belə olan halda İranın bundan sonra da işğalçının yanında yer alması Azərbaycan üçün problem yaratmayacaq, əksinə, Vətən müharibəsində olduğu kimi uduzan tərəf yenə də İran olacaq”.

Turan Rzayev
Globalinfo.az