İki türk ölkəsi qarşı-qarşıya: Razılıq verildi, xalq arasında etiraz başladı

İki türk ölkəsi qarşı-qarşıya: Razılıq verildi, xalq arasında etiraz başladı

Qazaxıstanın “İbrahim sazişləri”nə qoşulması Türk dünyasında fikir ayrılığına səbəb olub. Xüsusilə Türkiyə ictimaiyyətində rəsmi Astananın bu addımı tənqid edilir, sosial şəbəkələrdə məsələ ilə bağlı neqativ paylaşımlar diqqət çəkir.

Türkiyə ictimaiyyəti bir türk ölkəsinin İsraillə yaxınlaşması və müyyən əlaqələr qurmasını qınayır. Hətta bu qərarı “xəyanət” adlandıranlar da var. Belə bir yenilik artıq Azərbaycanla yanaşı, Qazaxıstanla bağlı da Türkiyədə mənfi kampaniyaların başladılmasına səbəb oldu. Lakin digər tərəfdən Türk dünyasında bu addımı ölkənin müxtəlif istiqamətlərdə sürətli inkişafı üçün müsbət qərar kimi qiymətləndirənlər də az deyil.

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Qazaxıstanın “İbrahim sazişləri”ni dəstəkləməsi, əslində 2025-ci ildə çoxvektorlu xarici siyasətin praktikada necə işlədiyini göstərən bir nümunədir:

“Qazaxıstan üçün bu addım strateji avtonomiyanı qorumaq, iqtisadi variantları şaxələndirmək və Xəzər–Mərkəzi Asiya–Körfəz–Levant xətti boyunca vasitəçilik rolunu artırmaq üçün hesablanmış diplomatik manevrdir. Astana uzun müddətdir böyük güclərin maraqlarını tarazlaşdırır.

Rusiya və Çin arasında yerləşən, eyni zamanda Avropa İttifaqı, Türkiyə və ABŞ-la əlaqələrini inkişaf etdirən Qazaxıstan balanslı xarici siyasət modeli formalaşdırıb. “İbrahim sazişləri” prosesinin elementlərinə şərti dəstək verməsi, Körfəz ölkələri ilə əməkdaşlığın genişləndirilməsi, diplomatik şəbəkənin böyüməsi və iqtisadi tərəfdaşlığın təşviqi qeyd olunan məntiqə uyğundur. Bu, hər hansı Yaxın Şərq münaqişəsinə ideoloji yanaşma deyil, iqtisadi və strateji məntiqə əsaslanan addımdır”.

Politoloq hesab edir ki, Mərkəzi Asiya–Yaxın Şərq dəhlizi ticarətin sürətlənməsi, Körfəz kapitalının cəlbi və İsrail texnologiyasının inteqrasiyası üçün imkan yaradır:

“Bu təşəbbüslər Astanaya enerji, logistika və investisiya sahələrində hansısa bir tərəfdən asılı olmamağa şərait yaradır. Sabit tədarük zəncirləri, mineral resursların idarə olunması və Çinin “Bir kəmər, bir yol” şəbəkəsinə çıxış Qazaxıstana konkret üstünlüklər qazandırır və regional mövqeyini möhkəmləndirir. İsrail və Körfəz ölkələri ilə diplomatik əməkdaşlıq isə iqtisadi risklərin azaldılması və strateji təsir imkanlarının artırılması vasitəsidir. Astana “İbrahim sazişləri”nə qoşulmaqla kontrterrorizmdən tutmuş enerji təhlükəsizliyinə qədər Vaşinqton və Körfəz paytaxtlarına müxtəlif sahələrdə əməkdaşlığa hazır tərəfdaş olduğunu nümayiş etdirir. Qazaxıstan eyni zamanda Moskva və Pekinlə əlaqələrini də qoruyur. Mesaj aydındır: Astana əsas geosiyasi məsələlərdə avtonomiyasını itirmədən seçilmiş layihələrdə iştirak edə və böyük güclərin maraqlarını balanslaşdıra bilər”.

İki türk ölkəsi qarşı-qarşıya: Razılıq verildi, xalq arasında etiraz başladı
Rüstəm Tağızadə

R.Tağızadənin sözlərinə görə, Astana çətin dialoqlar üçün mövqe qazanıb:

“Diplomatik normallaşmanı genişləndirən proseslə retorik uyğunluq Qazaxıstana Körfəz kapitalını, İsrail texnologiyasını və Mərkəzi Asiya resurslarını real nəticələrə çevirə biləcək vasitəçi kimi çıxış etmək imkanı verir. Bu rol ölkənin “soft power”ni, yəni yumuşaq gücünü strateji aktivə çevirir. Lakin risklər də mövcuddur.

“İbrahim sazişləri” İslam dünyasında hələ də mübahisəlidir. Onu dəstəkləmək Fələstin məsələsinin arxa plana atılması kimi qiymətləndirilə və Qazaxıstanın həm dövlət, həm də ictimai münasibətlərinə təsir göstərə bilər. Astana söz və addımlarını Moskva və Pekin qarşısında diqqətlə tarazlamalıdır. Vaşinqton və ya Körfəz ölkələrinə açıq yönəlmə ticarət, enerji və təhlükəsizlik sahələrində təzyiqləri artıra bilər. Buna görə strateji ehtiyat vacibdir: Qazaxıstan faydaları maksimuma çıxarmalı, lakin siyasi öhdəliklərə girərək çoxvektorlu siyasətini riskə atmamalıdır.

Optimist ssenaridə iqtisadi və texnoloji əməkdaşlıq dərinləşə, Astana regional mərkəzə çevrilə bilər. Diplomatik sahədə Qazaxıstanın üçtərəfli forumlar, dəhliz layihələri və işçi qrupları təşkil edərək Körfəz maliyyəsi, İsrail texnologiyası və Mərkəzi Asiya resurslarını konkret nəticələrə çevirməsi mümkündür. Əks halda, yanaşma siyasi baxımdan zərərli olar və ya böyük güclər arasında rəqabət artarsa, Astananın manevr imkanları daralar və strateji çevikliyi məhdudlaşar”.

Turan Rzayev
Globalinfo.az