17 il sonra dünyanı silkələyən barışıq – İki düşmən birləşir, hədəf oradır

17 il sonra dünyanı silkələyən barışıq - İki düşmən birləşir, hədəf oradır

Fələstin mənşəli HƏMAS və FƏTH qruplaşmaları uzun müddətdir davam edən qarşıdurmadan sonra barışıblar. Tərəflər arasında parçalanmanın bitməsi barədə razılıq Pekində imzalanıb.

Hələ 2007-ci ildə HƏMAS Qəzza sektorundakı qələbəsindən sonra FƏTH-i bölgədən qovub və burada özünün hakimiyyətini elan edib. FƏTH isə baş verənlərə görə, HƏMAS-ı sərt tənqid edib.

Bəzi ekspertlərin fikrincə, bu barışıq müvəqqətidir və tərəflər arasında münasibətlər yaxın gələcəkdə yenidən gərginləşə bilər.

HƏMAS və FƏTH-in barışmasının səbəbi nədir? Onlar İsrailə qarşı ortaq hərəkət edəcəklər?

Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, iki qruplaşma arasında əldə edilən razılığın motivi fərqlidir:

“Bu razılaşmada əsir və girovların azad edilməsi nəzərdə tutulur. Əslində məsələ ilə bağlı İsrail tərəfinin verdiyi məlumat daha çox diqqət çəkir. Təl-Əvivin açıqlamasında kompleks bir razılaşmadan söz açılmır.

Aydın məsələdir ki, İsrail hökumətinin üzərində bir müddətdir girovlara görə təzyiq var. Bu səbəbdən baş nazir Benyamin Netanyahu rəhbərliyindəki hökumət razılaşmaya getdi. Ancaq bu razılaşmanın kompleks sülh prosesinə çevriləcəyini güman etmirəm. Yəni ən yaxşı halda müvəqqəti bir proses olacaq”.

17 il sonra dünyanı silkələyən barışıq - İki düşmən birləşir, hədəf oradır
Kənan Rövşənoğlu

Politoloqun sözlərinə görə, razılaşmanın Pekində imzalanması Qərbin məsələyə yanaşmasına mənfi təsir edir:

“O ki qaldı Çinə, bu proses uzun müddətdir aparılırdı. Lakin koordinator Pekin olduğu üçün Qərb buna dəstək göstərməyəcək. Yekun olaraq razılaşmanın uzunmüddətli və ciddi nəticə vermə ehtimalı azdır. Çünki söhbət konkret Fələstində hakimiyyətin bölünməsindən və seçkilərdən gedir.

Digər tərəfdən, bir çox ərəb ölkələri HƏMAS-ı qəbul etmir. Yəni HƏMAS-ın Fələstinin rəsmi təmsilçisi kimi tanınması indiki mərhələdə real deyil. Bu daha çox  münaqişənin bitməsindən sonra mümkündür”.

Turan Rzayev
Globalinfo.az