Xəbər verdiyimiz kimi, Ermənistan İran üzərindən Hindistandan silah-sursat daşıyır. Silah daşıyan yük maşını karvanının keçdiyi ərazi İranın Nurduz sərhəd-keçid məntəqəsidir.
Maraqlıdır, Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin getdiyi bir zamanda Hindistanın Ermənistana silah satması nə ilə bağlıdır? Rəsmi Dehli bununla nə etmək istəyir?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əlimusa İbrahimov deyib ki, Ermənistanın Hindistandan silah alması bizim üçün yeni xəbər deyil:
Əlimusa İbrahimov
“Bu barədə uzun müddətdir ki, kütləvi informasiya vasitələrində məlumat verilirdi. Hindistanın Azərbaycanla münasibətdə tutduğu mövqe də bizim üçün sürpriz hesab olunmur. Bu ölkə İranla birlikdə Ermənistanı öz arxalarına götürüb ona himayədarlıq edirlər.
Məsələnin qəbul edə bilmədiyimiz tərəfi məhz sülh danışıqlarının getdiyi bir dövrdə silah transferinin baş verməsidir. Axı hamıya məlumdur ki, döyüşən tərəfləri silahla təchiz etmək heç də sülhə aparan yol deyil.
Məgər bunu Hindistan və İran dərk etmirlər? Təbii ki, dərk edirlər və dərk edərək məqsədyönlü şəkildə sülh danışıqlarına mane olmağa çalışırlar.
Onlar bu yolla Ermənistanın mövqelərini gücləndirmək və sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışırlar. Hindistanın indiki şəraitdə İranla birlikdə Ermənistanı silahla təchiz etməsi yalnız bir məqsədə xidmət edə bilər. O da gözlənilən sülh müqaviləsinin imzalanmasının gecikdirilməsidir. Çünki sülh müqaviləsi imzalanana qədər iki ölkə arasında müharibə şəraiti qalacaq və bu vəziyyətdən istifadə edərək bu dövlətlər öz iyrənc niyyətlərini həyata keçirəcəklər”.
Politoloq qeyd edib ki, Azərbaycan bu addımların qarşısında sakit dayanmayacaq:
“O da öz növbəsində hərbi potensialını artırmaqda davam edəcək və eyni zamanda Hindistan və İran kimi dövlətlərin Azərbaycana düşmən münasibətlərini həmişə diqqət mərkəzində saxlayacaq. Ermənistanın Hindistandan aldığı silahların Azərbaycanın arsenalında olan silahlardan nə qədər zəif olduğu hamıya məlumdur. Digər tərəfdən, 400 milyonluq silah tədarükü Azərbaycanla qarşıdurmada olduqca zəif arqumentdir. Düşünürəm ki, bu iki dövlətin Ermənistanı bu şəkildə silahlandırması Azərbaycanla düşmənçiliyin güclənməsindən başqa heç bir əhəmiyyət kəsb etməyəcək”.
Turan Rzayev
Globalinfo.az














