Hər şey sakitləşəndə Rusiya Paşinyana nə edəcək? – Amerikalı ekspertin açıqlaması

“Kreml Paşinyanın nəticələrdən belə asanlıqla xilas olmasına imkan verməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Hudson İnstitutunun baş əməkdaşı Lyuk Koffin deyib.

O bildirib ki, indi Cənubi Qafqazda sabitliyin və hətta rifahın yeni dövrünü açmaq üçün unikal imkan var,  baxmayaraq ki, bu, Rusiyanın xoşuna gəlmir.

“Rusiya bu regionu öz təsir zonası hesab edir. O, dondurulmuş münaqişələrdən regionda öz təsirini maksimum dərəcədə artırmaq üçün istifadə edir. Belə nümunələrdən biri də Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsidir. İndi Ermənistan və Azərbaycan əsl qonşu kimi çıxış edə, münasibətləri tənzimləyə, sülhə və firavanlığa nail ola bilər. Lakin bütün bunlar Rusiyanın regiondakı nüfuzuna təhlükə yaradır. Baxmayaraq ki, Paşinyan bir erməni lideri və siyasətçisi kimi çox cəsarətli davranıb. Hər şey sakitləşəndə Kreml onun nəticələrdən asanlıqla xilas olmasına imkan verməyəcək. Mən qorxuram ki, Ermənistan çox çətin yoldan keçməli olacaq”.

Lyuk Koffinin fikrincə, Birləşmiş Ştatlar təkcə Ermənistanla Azərbaycan arasında deyil, həm də İrəvan və Ankara ilə münasibətlərin normallaşmasına şərait yaratmaq, hamını danışıqlar masası arxasına çəkmək və münasibətləri tənzimləmək üçün əlindən gələni etməlidir.

“Çünki bu, ölkənin maraqlarına uyğundur. Ukraynadakı çətinliklərə görə Rusiyanın Cənubi Qafqazda təsiri zəifləyir və bu, ABŞ və Aİ üçün çox yaxşı fürsətdir. Ancaq Rusiyanın hələ də Ermənistanın təhlükəsizliyinin qarantı kimi çıxış etdiyini unutmaq olmaz. Ermənistanda hələ də Rusiyanın bir neçə min əsgəri var. Moskva Ermənistan sərhədlərinin bir hissəsinə nəzarət edir. Həmçinin Ermənistanın hava məkanı da öz növbəsində monitorinq və təhlükəsizlik baxımından Rusiyanın hava məkanına inteqrasiya olunub. Düşünürəm ki, Rusiyadan Ermənistana, xüsusən də Paşinyana qarşı təhdidlərin əksəriyyəti hibrid xarakter daşıyacaq”, – deyə Koffin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az