Azərbaycanlı zəvvarların Həcc ziyarətinə səfəri davam edir. Bu fonda bir sıra məsələlər yenidən müzakirəyə çıxarılıb. Bildirilir ki, bəzi şəxslər ibadəti bir neçə dəfə yerinə yetirə bilir, digərləri isə ömrü boyu Həccə getmək imkanından məhrum qalır. Belə fərqliliklər cəmiyyət arasında müəyyən narazılıqlara səbəb olur.
Bir insanın Həccə bir neçə dəfə getməsi dinə görə doğrudurmu?
Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, Həcc ziyarəti islam dininin əsas ibadətlərindən biridir:
“Quranda Ali İmran surəsinin 97-ci ayəsində Allah qullarına hər hansı vasitə ilə Məkkəyə, Kəbəyə gəlməyi qulları üzərində haqq kimi tanıyır. Həcc ziyarəti kvota ilə məhdudlaşdırılmış bir ibadətdir. Yəni ölkələrə xüsusi saylar verilir. Bir şəxs hər il Həccə gedirsə və bu, limitin dolmasına təsir edirsə, o, dolayı yolla digərlərinin haqqına girmiş sayılır. Hər şeyin bir ədəbi-ərkanı var. Amma islam dini Həccə ikinci dəfə gələnə də yox demir. Lakin bu ibadəti yerinə yetirən, həqiqi hacı olan şəxsin yoxsul və imkansızlara fürsət verməsi, onların Kəbəyə getmək arzusunu reallaşdırması Allah yanında daha dəyərli sayılır, nəinki, özünün bir neçə dəfə getməsi”.
Ağa Hacıbəyli
İlahiyyatçı 10-15 dəfə ziyarətə gedənlərin olduğunu vurğulayıb:
“Hər halda, onların öz qazancıdır, heç kim “niyə təkrar gedirsən” və ya “niyə mənə pul vermirsən ki, mən də gedim” deyə bilməz. Bu, doğru yanaşma deyil. Ancaq Peyğəmbərimizin ziyarətini ürəkdən arzulayan insanlar var. Onlara dəstək olmaq, maliyyə yardım ilə Həccə getmələrinə şərait yaratmaq çox yaxşı olar. Mütəmadi gedib-gələnlər isə yerin məhdudlaşmasına səbəb ola bilirlər”.
Zaira Akifqızı
Globalinfo.az














