Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 950 ABŞ dolları (təxmini 10115 manat) müəyyən edilib. Hər il olduğu kimi, bu il də təyin olunan qiymətlər, şərtlər müzakirə edilir. Hətta bəzi inanclı insanlar ziyarət üçün bu qədər vəsaitin alınmasını tənqid edir. Həcc ziyarəti getdikcə əlçatanlıqdan çıxır.
Bəs necə olmalıdır? Bu ziyarətin artıq biznes mahiyyətli olduğu haqda çox deyilir, yazılır. Bəs hər kəsin getmək imkanı təmin edilsə, biznes layihəsi formatından çıxsa, xaos yaranarmı? Onsuz da hər il Məkkədə ziyarət səbəbi ilə böyük sıxlıq yaşanır, bu, daha da artmazmı?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda Həcc ziyarətini təşkil edən bəlli bir şirkət var.
Onun sözlərinə görə, digər şirkətlərin bu bazara daxil olması mümkün deyil:
“Burada həm də obyektiv səbəblər var. Bilirsiniz, bəzi ölkələrə ayrılmış kvotalar mövcuddur və o kvotalar çərçivəsində davranmaq lazım gəlir. Həcc ziyarəti zamanı da ölkəyə ayrılan kvotalar çərçivəsində hər adam ora gedə bilmir. Kvotaları idarə etmək üçün də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bəlli bir şirkət seçilir. Bütün bunları da həmin şirkət həyata keçirir. Obyektiv səbəblər buna gətirsə də, amma nəticə etibarilə sonda həmin şirkət bir inhisarçıya çevrilir və qiymətləri diqtə etmək imkanı əldə edir”.
Natiq Cəfərli
İqtisadçı deyib ki, şirkətlərin sayı artsa, burada bir rəqabət yaranar:
“Problem bundadır ki, bu məsələdə başqa şirkətlər iştirak etmirlər. Azərbaycanda əgər bir neçə şirkət kvotaların bölünməsində iştirak etsə və bir neçə şirkət Həcc ziyarətinin təşkilatında iştirak etməyə nail ola bilsə, rəqabət yaranar. Əsas məsələ də bundan ibarətdir ki, bu sahədə də rəqabətsizlik mühiti hökm sürür”.
Qeyd edək ki, bu ilki Həcc ziyarətinin qiymətləri 5 il əvvəllə müqayisədə 2 min 482 manat bahalaşıb.
Azərbaycanlı zəvvarlar üçün son 5 ildə Həcc ziyarətinin qiymətləri:
2025: 10 min 115 manat
2024: 9 min 945 manat
2023: 9 min 775 manat
2022: 9 min 95 manat
2021: 7 min 633 manat
Zaira Akifqızı
Globalinfo.az














