“Əsas odur ki, məhkəmələr ədalətli rəy versin. Elə ola bilər ki, adam vəziyyətdən sui-istifadə edərək korrupsiya ilə aldığı əmlakı yenidən geri qaytara bilər. Bu da əlbəttə ki, doğru olmazdı. Bütün bu məsələlərdə əsas ədalətdir”.
Bu sözləri deputat Vüqar İskəndərov Globalinfo.az-a açıqlaması zamanı bildirib.
Deputat qeyd edib ki, ölkəmizdə son illər cənab Prezident tərəfindən böyük islahatlar paketi təqdim olunub:
“Bu çoxşaxəli paketdə həyatımızın bütün sahələri əhatə olunub. O cümlədən, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri burada mühüm yer tutur. Dövləti ən çox sarsıdan məsələlərdən biri korrupsiyadır. Bu sahədə ölkəmiz son illərdə həqiqətən böyük uğur əldə edib. Həm preventiv işlərin görülməsi, həm bir çox korrupsiyaya qurşanmış insanların aşkar edilərək istintaqa cəlb edilməsi, həbsə göndərilməsi bu sahədə artıq radikal addımların atılmasını özündə ehtiva edir”.
V.İskəndərov bildirib ki, hüquqi dövlətdə yaşayırıq və əgər kiminsə hansısa məhkəmə qərarından narazılığı varsa, apelyasiya şikayəti vermək hüququ var:
“Amma məhkəmə sistemi hakimiyyətin üç qolundan biri olduğu üçün onun gedişinə təsir göstərmək və qərarlarına digər rəylərin bildirilməsi hüquqi prosedur məsələləridir. O insanlar ki, həbsdən çıxıb haqlarının pozulduğunu deyərək, əmlaklarını geri almaq üçün məhkəməyə müraciət edir, bu, onların hüquqlarıdır. Fikrimcə, burda ədalət meyarları pozulmalı deyil, qanun, ədalət hamı üçün bir olmalıdır. Əgər bir insan həqiqətən sübut edə bilirsə ki, onun əmlakı səhvən müsadirə olunub, istintaq vaxtı sui-istifadə hallarına yol verilib, bu gün haqlı tələbini irəli sürüb məhkəməni udursa, buna bir şey söyləmək olmaz. Əsas odur ki, məhkəmələr ədalətli rəy versin. Elə ola bilər ki, adam bundan sui-istifadə edərək korrupsiya ilə aldığı əmlakı yenidən geri qaytarsın. Bu da əlbəttə ki, doğru olmazdı. Məhkəmələrin əsas məqsədi ədaləti bərpa etməkdir”.
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda məhkəmə sistemində də böyük islahat həyata keçirilir:
“Bütün sahələrdə olduğu kimi hansısa nöqsanlar ola bilər. Amma burada əsasən ölkə başçısının siyasi iradəsi var. O, istəyir və çalışır ki, ölkə həyatının bütün sahələrində məsələlər ədalətli həll olunsun və insanlarımız layiqli həyat sürsünlər”.
Gülnar Səlimova














