“Həbs olunan şəxs başçının üzünə dursa ki, pulu tək yeməmişəm” – İki məmur haqda qərar

“Həbs olunan şəxs başçının üzünə dursa ki, pulu tək yeməmişəm” – İki məmur haqda qərar

İyul ayının sonlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bir neçə qurumda antikorrupsiya əməliyyatı keçirdi. Əməliyyat keçirilən qurumlardan biri də Tərtər Rayon İcra Hakimiyyəti oldu.

Axtarış-əməliyyat tədbirləri nəticəsində Tərtər RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Sentyabrın 4-də isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun istintaqda dindirildiyi haqda məlumat yayıldı. Yayılan məlumatlarla bağlı M.Məmmədovdan mövqe öyrənmək mümkün olmayıb. O, zənglərə cavab verməyib.

Tərtərdəki həbslə bağlı iddialar ondan ibarətdir ki, tenderlərdə ciddi nöqsanlar aşkarlanıb. Həmçinin müharibə zamanı vətəndaşların mülklərinə dəyən ziyanın ödənməsində yeyintiyə yol verildiyi bildirilir.

Antikorrupsiya əməliyyatının keçirildiyi daha bir rayon Cəlilabaddır. Tərtər rayonu ilə bərabər Cəlilabadda da həbslər oldu. Maraqlıdır, icra başçıları həbs oluna bilərlərmi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, başçıların həbs olunması məsuliyyətə cəlb olunan məmurlara bağlıdır:

“Öz davranışını idarə edə bilməyəndən psixoloq olmaz” - Mehman Muradlı

Mehman Muradlı

“Bilirsiniz ki, Tərtər RİH-də baş memar həbs olundu. Başçının həbs olunub-olunmayacağı həmin memarın verdiyi ifadədən asılıdır. Əgər Tofiq Kərimov desə ki, aldığı pulları başçı ilə bölüşdürüb, o zaman başçı istintaqa cəlb olunacaq. Hazırda dəqiq bir söz deyə bilmərəm, istintaq aparılır”.

Vəkil deyib ki, tikinti şirkətlərinin də bu işdə şərik olduğu üzə çıxa bilər:

“Necə ki, Tərtər, eləcə də Cəlilabad rayon icra başçısı da dindirilə və ya məsuliyyətə cəlb oluna bilər. Bu adamların günahları sübuta yetirilərsə, artıq mənimsəmə deyil, bir neçə maddə ilə cinayət işi açılacaq. Çünki burada həm korrupsiya, həm də mülkiyyət əleyhinə qarşı olan cinayət işi var. Dediyim kimi, hər şey daha əvvəl təqsirləndirilən şəxslərin ifadələrindən asılıdır”.

Zaira Akifqızı
Globalinfo.az