Kazan şəhərində keçirilən BRİKS+ toplantısı dünya gündəminin aparıcı mövzusudur. Azərbaycanda bu tədbir daha çox İlham Əliyevlə Nikol Paşinyanın görüşü çərçivəsində müzakirə edilir.
Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Paşinyanla Əliyevin təmasları nə vəd edir? Bu fotolarda, video görüntülərdə nə ifadə olunur, hansı nəticə hasil edilir? Sülh olacaqmı? Bir neçə gün əvvəl Paşiyan deyib ki, COP29 ərəfəsində Bakı ilə sülh sazişi imzalana bilər. Bu bəyanatın ardınca Kazanda iki liderin təmasları sülhlə bağlı pozitiv düşünməyə əsas verirmi? Ermənistan konstitusiya və müstəqillik bəyənnaməsindəki Azərbaycana qarşı ərazi iddialarını çıxarmadan sülh mümkün olacaqmı?
Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Ermənistan Kazanda keçirilən BRİKS+ sammitinə ideoloji baxımdan hazır getmişdi:
“Sərhədlərin müəyyənləşməsi ilə bağlı birgə işçi komissiyasının qəbul etdiyi reqlament həm Konstitusiya Məhkəməsində uyğunluq təsdiqi qərarı aldı, həm də parlamentə göndərilməklə ratifikasiya təsdiq olundu. Məhz bu cür sənədlə Kazana gedən Nikol Paşinyan çıxışında bəyan etdi ki, artıq Ermənistan konstitusiyasındakı ərazi iddiaları qonşu ölkələrin heç birinə narahatlıq vəd etmir. Bu, Ermənistanın mövqeyini gücləndirən amil kimi səsləndirildi. Azərbaycana mesaj verilirdi ki, ərazi iddiası məsələsi Konstitusiya Məhkəməsində həll olunub, hüquqi əsas daşımır.
24 oktyabr 2024-cü il. Kazanda Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub
Bu, rəsmi Bakıya qarşı guya səsləndirilmiş müsbət jest idi. Lakin reallıq belə deyil. 2009-cu ildə Sürixdə Ermənistan və Türkiyə arasında imzalanan protokol 2010-cu ilin yanvarında sabiq prezident Serj Sarksiyan tərəfindən Ermənistan Konstitusiya Məhkəməsinə göndərildi. Onlar da protokolun konstitusiyaya zidd olduğunu əsas gətirərək bunu rədd etdilər. Yəni bu qərarı verən də konstitusiya üzrə mütəxəssislər, erməni hüquqşünaslar idi. Bu gün Nikol Paşinyan hakimiyyətdədir və sərhədlərin müəyyənləşməsi ilə bağlı reqlamentin təsdiqlənməsi Ermənistan konstitusiyasına uyğundur. Görünür, gələcəkdə hakimiyyət dəyişikliyi olduğu halda yeni kadrlar öz hüquqşünasları vasitəsilə istədikləri səviyyədə siyasi donu geyindirməklə Azərbaycanla imzalanacaq sülh müqaviləsini zibil qutusuna ata bilər. Ona görə də Nikol Paşinyanın fikirləri əsaslı və legitim deyil”.
Politoloq xatırladır ki, Azərbaycan və Ermənistan rəhbərliyinin Moskvaya son səfəri zamanı ikitərəfli görüş baş tutmamışdı:
“Bəs niyə Kazanda bu görüş baş tutdu? Doğrudur, ikisi də Rusiya ərazisidir. Amma Kremldə patronajlıq Rusiyaya məxsusdur. Onun nəzarəti altında Azərbaycan-Ermənistan görüşünün baş tutması Nikol Paşinyan üçün baş ağrısı yarada bilərdi. Çünki sözügedən proses Qərbdə, ABŞ-da arzuolunmaz hal kimi dəyərləndiriləcəkdi. Ona görə də Paşinyan Kazana hazır vəziyyətdə gəldi. Burada baş nazirin müavini Mqer Qriqoryan və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan da tədbirdə iştirak edirdi. Qriqoryan eyni zamanda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı birgə komissiyada həmsədr kimi çıxış edir, həm də sərhədlərin müəyyənləşməsi komissiyasının sədridir. Reqlamenti bilavasitə baş nazirin müavini Şahin Mustafayevlə Mqer Qriqoryan təsdiq edib. Azərbaycan da Ermənistan rəhbərliyi ilə görüşə hazır vəziyyətdə gəlmişdi.
BRİKS Rusiya monopoliyasında deyil. Qlobal güc mərkəzləri çoxdur və ona görə də sammit Rusiya adı ilə eyniləşdirilməməlidir. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə də hər hansı rus rəsmisi, təmsilçisi yox idi”.
Natiq Miri
Natiq Mirinin fikrincə, Əliyevlə Paşinyanın Kazandakı görüşü ABŞ Prezidenti Co Baydenin bir neçə gün əvvəl hər iki tərəfə göndərdiyi məktubla bağlıdır:
“Həmin məktubda belə bir ifadə var:
“Biz ABŞ prezidentinin xüsusi köməkçisi Maykl Karpenterdən xahiş etdik ki, ABŞ-ın sülh prosesi ilə əlaqədar atacağı addımlarla bağlı dövlət başçılarını məlumatlandırsın”. Burada sadəcə müsbət vədlər yoxdur. Sülh müqaviləsi bağlansa və ya bağlanmasa, ona uyğun addımlar atılacaq. Yəni kökə və qamçı bərabər göstərilir.
Kazanda baş tutan görüşdə, iki ölkənin xarici işlər nazirlərinə sülh mətinin yaxın zamanda hazırlanmasının yekunlaşdırılması ilə bağlı göstəriş verildi. Üfüqdə aralıq sülh sənədinin imzalanması görünür. Lakin bu, yekun sülh sazişi olmayacaq”.
Safura Bənnayeva
Globalinfo.az














