Xəbər verdiyimiz kimi, həbsdə olan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Britaniyadakı əmlakı müsadirə olunub. Belə ki, Londonun Naytsbirc məhəlləsində Hacıyevaya məxsus 14 milyon funt-sterlinq (30 milyon 336 min manat) dəyərində ev və Askotda qolf klubu müsadirə edilib. Sirr deyil ki, ailə əldə etdiyi pulları məhz Azərbaycandan xaricə çıxarıb.
Sual yaranır: Azərbaycan dövləti bu əmlakı, vəsaiti geri qaytara bilərmi?
Mövzunu Globalinfo.az-a şərh edən vəkil Mehman Muradlının fikrincə, ilk növbədə araşdırmaq lazımdır ki, hökm çıxan zaman Azərbaycan həmin əmlaklarla bağlı hər hansı bir qərar qəbul edib, yoxsa yox.
Mehman Muradlı
Vəkilin sözlərinə görə, əgər həmin əmlaklar Hacıyevlərin birgə nikahı dövründə əldə olunubsa, faktiki olaraq bu, cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunur:
“Azərbaycan həmin əmlakların bizim məhkəmələr tərəfindən müsadirə olunması ilə bağlı hökmün icrasını Britaniyaya göndərərsə, bəlkə də, nəsə əldə etmək olar. Artıq hökmün orada icra olunub-olunmaması başqa məsələdir. Çünki ona İngiltərə məhkəmələri baxmalı və qərar verməlidir. Yəni Azərbaycan sübuta yetirsə ki, bu pullar ölkədən oğurlanıb, o zaman həmin vəsaitləri geri qaytarmaq üçün tələbetmə hüququ var. Sadəcə, pul hansı formada Londona keçib, dəqiq araşdırılmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az














