Günel Səfərova: “Bu o demək deyil ki, dövlət xaricdə oxutduğu gənclərə iş tapmalıdır”

Günel Səfərova: “Bu o demək deyil ki, dövlət xaricdə oxutduğu gənclərə iş tapmalıdır”

Dövlət proqramı ilə xarici ölkədə təhsil alanların ilk partiyası Bakıya dönür. Dövlət proqramının şərtinə əsasən, onlar 5 il ölkədə işləməlidirlər. Gənclərin işlə təminatı necə olacaq? Ümumiyyətlə, bu proqramla təhsil alanlaraiş vermək mümkün olacaqmı?

Mövzu lə bağlı Globalinfo.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib ki, Azərbaycanda çox yaxşı yüksəliş müsabiqəsi keçirilir:

“Bu müsabiqə kifayət qədər iddialı, bilikli, savadlı kadrların üzə çıxmasına kömək edir. Eyni zamanda əgər sahələr müəyyənləşibsə, onlara mütləq işlərin tapılması üçün dəstək göstəriləcək. Amma bu o demək deyil ki, dövlət onu göndəribsə, iş tapmalıdır. Burada əsas məsuliyyət həmin gənclərin öz üzərinə düşür. Əleyhinə olmasam da, lakin istəmirəm təbliğ edək ki, “gedin, təhsil alıb qayıdın, dövlət sizi işlə təmin edəcək”. Çünki dövlətin belə bir öhdəliyi yoxdur.
Bu gün elə sahələr var ki, bizdə hələ inkişaf etməyib. Məsələn, kifayət qədər laboratoriyalar yoxdur axı gəlib orada çalışsınlar, elmi araşdırmalar aparsınlar. Bu, dərin problemdir. Bizim ali təhsil müəssisələrinin verdiyi bilik və bacarıqlarla əmək bazarının mütənasib olub-olmadığını da bilmirik”.

5 Addımda Xaricdə Magistr Təhsili Alın! - 2023 Xaricdə Təhsil

G.Səfərova deyib ki, bu gün çox savadlı informasiya texnologiyaları (İT) mütəxəssisi özü proqramlar hazırlayırsa, ona xaricdə fəaliyyət göstərmək daha uyğun olacaq:

“Səbəb isə maaş və iş tapmaqdır. Bunu anlayırıq. Amma bir şey də var ki, Elm və Təhsil Nazirliyi əmək bazarını fomalaşdırmır. Biz hələ orta təhsilin ali təhsilə uyğun olub-olmadığını müzakirə edirik. Gəncləri xaricə göndərmək yaxşı təşəbbüsdür. Çünki həmin təhsil yalnız bilik vermir, həm də səriştəni öyrədir. Məsələn, xaricdə elektrik mühəndisləri çox pul qazanırlar, onların əməkhaqqı yüksək olur. Bəs bizdə də belədirmi?! Bir İT meneceri gəlib “Google” kimi yerdə işləmək istəyir, bizim elə yerimiz yoxdur axı. Lakin yenə də deyirəm, bütün öhdəlikləri dövlətin üzərinə atmağın tərəfində deyiləm”.

Günel Səfərova: “Bu o demək deyil ki, dövlət xaricdə oxutduğu gənclərə iş tapmalıdır”

G.Səfərova Qarabağda iş yerlərinin yaradılması məsələsinə toxunub:

“Sevindirici tərəf odur ki, biz Qarabağı işğaldan azad etmişik. Orada iş yerləri açılacaq, yatırımlar olacaq, şirkətlər yaradılacaq deyə, çox yaxşıdır. Bunun özü də təhsil alıb gələn gənclər üçün bir əmək bazarı olacaq. Ümumiyyətlə, xaricdə təhsil alanlar öncədən harada çalışacağına qərar verməlidirlər. Əgər xaricdə qalıb işləyəcəklərsə, o zaman öz hesablarına təhsil alsınlar, yox, Bakıya qayıdacaqlarsa, elə dövlət xətti ilə getməkləri daha yaxşı olar”.

Zaira Akifqızı
Globalinfo.az