General Gerasimov Rusiyanın Ukraynada itirdiyi mövqeləri geri qaytara biləcəkmi?

General Gerasimov Rusiyanın Ukraynada itirdiyi mövqeləri geri qaytara biləcəkmi?

“Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı rus qoşunlarının komandiri vəzifəsinə təyin edilməsi mühüm hadisədir. Gerasimov kifayət qədər təcrübəli və bütün qoşun növlərini dərindən bilən şəxsdir. Kreml bu təyinat ilə Ukrayna müharibəsində üzləşdiyi uğursuzluğu konpensasiya etməyə çalışır”.

Bu sözləri Globalinfo.az-a beynəlxalq münasibətlər üzrə ekspert Ramiyə Məmmədova Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı rus qoşunlarının komandiri vəzifəsinə təyin edilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Valeri Gerasimov Çeçenistan və Suriya müharibələrində iştirak etmiş Ukrayna müharibəsinin birinci mərhələsini görmüş təcrübəli komandandır:

“Çeçenistan müharibəsində Gerasimov ciddi nailiyyətlər əldə edib. Suriyada göstərdiyi fəaliyyətə görə isə birbaşa Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəhrəman elan edilib.

Rusiya Gerasimovun timsalında onu deməyə çalışır ki, o, artıq müharibəni daha ciddiyə alır və əvvəllər bütün qoşun növlərini müharibəyə cəlb etmirdisə, artıq bunu edəcək.

Məsələ ondadır ki, Rusiya bu gün Ukrayna ilə deyil, onun ərazisində Qərb və ABŞ-la mübarizə apardığını düşünür. Digər tərəfdən, Qərbin davamlı Ukraynanı silahlandırması və Kremlin son zamanlar tutduğu əraziləri itirməsi Rusiyanın beynəlxalq müstəvidə prestijini də sarsıdır. Vəziyyət o həddə çatıb ki, Cənubi Qafqazda Ermənistan və Gürcüstan da Moskvaya qarşı gəlir.

Rusiya həm təsir dairəsindəki ölkələri itirməmək, həm də Ukraynada yeni ərazilər ələ keçirmək üçün daha genişmiqyaslı müharibəyə hazırlaşır. Valeri Gerasimovun təyinatı da bunu təsdiqləyir”.

Turan Rzayev
Globalinfo.az