Gəncədə Zəfər Günü silsilə tədbirlərlə qeyd olundu – FOTOLAR

8 Noyabr – Zəfər Günü ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq Gəncədə silsilə tədbirlər keçirilib.

Globalinfo.az bidlirir ki, səhər saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, GDU-nun rektoru, professor Yusif Yusibov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri şəhid ailələri və müharibə iştirakçıları Gəncə şəhərinin Şəhidlər Xiyabanını ziyarət ediblər. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ucaldılan Əbədi Məşəl Abidəsinin önünə tər çiçəklər düzülb, şəhidlərimizin ruhu ehtiramla yad edilib.

Keçirilən sil-silə tədbirlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Quru Qoşunları Komandanlığının təşkilatçılığı ilə Zəfər Yürüşü baş tutub. Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq, Heydər Əliyev və Atatürk prpospektləri ilə davam edib. Zəfər yürüşü sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Daha sonra Gəncənin Heydər Əliyev Mərkəzində “Tariximizin Zəfər Salnaməsi” adlı dəyirmi masa keçirilib. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsindən 3 il keçir. Bu Zəfər salnaməsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələrindəndir. 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşdu: işğala son qoyulsun və tarixi ədalət bərpa edilsin. Bu zəfərin təməlində uğurla həyata keçirilmiş dövlət siyasəti, xalqın öz liderinə və ordusuna inamı, ordunun xalqa güvəni dayanır.

Bildirilib ki, 44 günlük Vətən müharibəsi elə bir şanlı tarixdir ki, hər zaman qururla vərəqlənəcək, daim fərəhlə qeyd olunacaq.

Dəyirmi masadan sonra 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Tədbir iştirakçıları Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində simvolik olaraq 44 ədəd ağac əkiblər.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər şəhərin Heydər Əliyev adına Meydanında təşkil olunan möhtəşəm konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb.