Gəncədə küçəyə atılan uşaqların durumu nəzarətə götürüldü – Rəsmi / YENİLƏNİB

Gəncə şəhərində 4 aylıq və 3 yaşlı uşaqların sosial təhlükəli vəziyyətdə olması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Uşaq hüquqlarının müdafiəsi mandatı çərçivəsində araşdırılaraq nəzarətə götürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasına gətirilmiş həmin uşaqları tibb müəssisəsində ziyarət edərək, səhhətləri, tibbi sənədləri və ümumi vəziyyətləri ilə yerində maraqlanıblar. Ziyarət zamanı uşaqların vəziyyətinin stabil və normal olduğu müşahidə edilib.

Xəstəxanadan verilən məlumata əsasən uşaqlar himayəsində olduqları nənələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edilib və onlar həmin gün polis tərəfindən xəstəxanaya gətiriliblər. Xəstəxanada uşaqlardan müxtəlif analizlər götürülərək zəruri tibbi xidmətlər göstərilib, sağlamlıq vəziyyətləri nəzarətdə saxlanılıb.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Gəncə Şəhər Baş Polis İdarəsindən uşaqların hüquqlarının təmini, onların himayə məsələsinin həll edilməsi məqsədilə görülən və planlaşdırılan tədbirlər barədə məlumat alınıb. Hazırda qeyd olunan faktla bağlı İdarə tərəfindən araşdırma davam etdirilir.

Uşaqların hüquqlarının təmini vəziyyəti tərəfimizdən diqqətdə saxlanılacaq.

***13:09

Gəncə Şəhər İcra Hakimiyyəti küçə atılan uşaqlarla bağlı məlumat yayıb.

Globalinfo.az-ın məlumatına görə, məlumatda bildirilir ki, oktyabrın 21-də səhər saatlarında Gəncə şəhərində yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İcra Hakimiyyəti əməkdaşlarına verib.

Qeyd olunur ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin və Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq Akt əsasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib. Uşaqların anası Cəlilova İlahə Natiq qızının narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı onlayn məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib.

Vurğulanır ki, Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi istiqamətində iş gedir. Hər iki uşaq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırğına uyğun olaraq nəzarətdə saxlanılır. Uşaqlar xəstəxanaya yerləşdirildikdən sonra bir neçə dəfə onlara baş çəkilib, xəstəxananın rəhbərliyi və həkimlərin iştirakı ilə sağlamlıq vəziyyətləri yoxlanılıb. Hər iki uşağın sağlamlıq vəziyyəti normaldır. Onlar Sosial Xidmətlər Agentliyinin müvafiq qərarına əsasən oktyabrın 26-da təcili tibbi yardım maşını ilə xüsusi olaraq ayrılmış tibb işçisinin iştirakı ilə Bakı şəhərində yerləşən körpələr evinə göndəriləcəklər.