Gəncədə keçirilən imtahanla bağlı sosial şəbəkədə yayılmış səs yazısına CAVAB

İyulun 14-də Gəncə şəhər 12 nömrəli tam orta məktəbdə təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanlarına dair sosial şəbəkələrdə səs yazısı yayılıb. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu səs yazısı həqiqəti qətiyyən əks etdirmir.

Globalinfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin iyulun 14-də təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanları ilə bağlı məlumatında deyilir.

Mərkəzdən bildirilib ki, imtahan prosesində ləngimə və namizədlərin əlavə stress yaşamaması üçün imtahana dəvət olunan, lakin iştirak etməyən şəxslərin dəqiqləşdirilməsi məqsədilə adları oxunub:

“Diqqətinizə çatdırırıq ki, səs yazısında adıçəkilən şəxslər də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarında iştirak etməyib”.

Qeyd edilib ki, ölkənin 13 müxtəlif şəhər və rayon üzrə ümumilikdə 29 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları artıq 4 gündür davam edir. Cari tarixə qədər test imtahanlarında 42515 namizəd iştirak edib:

“Müəllimlərin işə qəbulu üzrə müsabiqə yeni və peşəkar kadrların cəlb edilməsi məqsədi daşıyır. Vətəndaşları əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. Bu tipli paylaşımların müəllifləri oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını əsassız məlumatlarla almamalıdırlar”.