Fransanın İrəvan üçün “humanitar aksiya” planı: İranın Bakı ilə bağlı məqsədi budur

Fransanın İrəvan üçün “humanitar aksiya” planı: İranın Bakı ilə bağlı məqsədi budur

Hazırda Ermənistan xarici işlər nazirinin müavini ilə birlikdə beynəlxalq təşkilatlar və bir sıra ölkələrin diplomatik nümayəndələri Kornidzordadırlar. Laçın postundan buraxılmağı gözləyən TIR-ları nəzərdən keçirir, sərhəd-buraxılış məntəqəsindəki vəziyyəti müşahidə edirlər.

Onların arasında İranın Ermənistandakı səfirliyinin nümayəndəsinin də olduğuna dair görüntülər yayılıb. Abdullahian qısa müddət əvvəl Bakı ilə Tehranın konstruktiv əməkdaşlığa can atdığını bildirmişdi. Həmçinin İranın gərginliyin aradan qaldırılmasına çalışdığı müşahidə olunurdu.

Xüsusilə Aşura günündə, Azərbaycanla İran arasında münasibətlərin tam qaydasına düşmədiyi bir müddətdə bu məsələ necə başa düşülməli və dəyərləndirilməlidir? İrəvanın səfirləri sərhəddə gətirməsinə Bakı necə münasibət bildirməlidir?

Mövzunu Globalinfo.az-a dəyərləndirən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, danışıqlar prosesinin predmeti əvvəlkindən fərqlidir:

“Hazırda proseslərin sona yaxınlaşdığı aydın şəkildə görünür. Xüsusilə Azərbaycan və Ermənistan rəhbərlərinin apardığı danışıqlar və XİN başçılarının görüşləri iki ölkə arasında müqavilənin imzalanmasının mümkün olduğunu göstərdi. Burada yeganə tərəddüd Qarabağ mövzusu ilə bağlıdır. Bu, Azərbaycanın mövqeyidir ki, Ermənistanla sülh danışıqlarının predmetində Qarabağ mütləq öz əksini tapmalıdır. Bir halda ki, Paşinyan administrasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, bu xüsusdan sadəcə Qarabağ məsələsinin həlli konteksində iki ölkə arasında sülh müqaviləsi bağlana bilər. Əvvəllər belə düşünürdük ki, öncə müqavilə bağlansın. Sonra bu məsələ tamamilə həll olunsun. Amma proseslər göstərdi ki, tamamilə fərqli predmetlər seçilib”.

Fransanın İrəvan üçün “humanitar aksiya” planı: İranın Bakı ilə bağlı məqsədi budur

Əziz Əlibəyli 

Ə.Əlibəyli “humanitar aksiya planının fərqli mərkəzlər tərəfindən təşkil edildiyini, Tehranın məqsədinin başqa olduğunu bildirib:

“Maraqlıdır ki, bilavasitə Avropa İttifaqı və Yelisey sarayı tərəfindən planlanan, fransız beyin mərkəzlərinin məhsulu olan “humanitar aksiya” ideyası hibrid hücumlarla dəstəkləndi. Məsələn, ADR sədri Qubad İbadoğlunun həbsi də bunun tərkib hissəsi kimi önə çıxır. Burada bütövlükdə bir konvoy önə çıxır ki, Rusiya, Qərb, Amerika, Fransa və İran kimi güclər orada yer alır. İranla Rusiyanın düşüncəsi belədir ki, Qərbin bu müdaxiləsi Azərbaycan mövqelərini zəiflətməyə xidmət edə, bununla da rəsmi Bakı region ölkələrinin strategiyasına qayıda bilər. Amma planlamada Çin və Türkiyə amilini nəzərə almayıblar.

Bu gün İranın proseslərə yanaşması, Bakı ilə Tehran münasibətlərində istiləşmə ilə paralel bölgədə vəziyyətin kuliminasiya nöqtəsinə çatdığı bir vaxtda öz mövqeyini bir daha göstərməsi baxımından maraqlıdır. İran və Azərbaycan münasibətlərində gərginliyin sona qədər davam etməsi mümkün deyil. Bu keçici prosesdə iştirak məsələsi sadəcə Azərbaycanın suverenliyinə təhdid deyil.

Bölgədə qlobal güclərin savaşı mühitində İranın burada olması onun Azərbaycanla bağlı gələcək siyasətinin əsasını təşkil edir. Sadəcə biz ona indi nə ad qoymalı olduğumuzu doğru qiymətləndirməliyik”.

Ayşən Mustafa
Globalinfo.az