Dığdakı döyüşlərin arxasında İran və Rusiya deyil, bu qüvvə dayanır – TƏHLİL

Dığdakı döyüşlərin arxasında İran və Rusiya deyil, bu qüvvə dayanır - TƏHLİL

Fransa növbəti dəfə ənənəvi ermənipərəst mövqedən çıxış edib. Belə ki, bu ölkənin Xarici İşlər Nazirliyi 11 apreldə Laçın istiqamətində ermənilərin təxribatı nəticəsində yaranan insidentlə bağlı Azərbaycana qarşı yalan və əsassız məqamların əks olunduğu bəyanat yayıb.

Bəyanatda bəzi məqamlar diqqət çəkir:

Birincisi, Fransa tərəfləri danışıqlar yolu ilə delimitasiya prosesini dəstəkləməyə çağırıb, eyni zamanda Ermənistanın “ərazi bütövlüyünə hörmət” və Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinin Ermənistan tərəfindəki “işğal olunmuş mövqelər”dən çıxarılmasını gələcək insidentlərin qarşısının alınması və regionda davamlı sülh üçün “vacib” hesab edib.

Halbuki insident aprelin 11-i bilavasitə Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə hücum etməsi nəticəsində baş verib. Fransa tərəfi isə ədalətsiz şəkildə bəyanatında Azərbaycana mesaj ünvanlayıb.

İkincisi, Fransa sərhədin Ermənistan tərəfində yerləşdirilmiş, gərginliyin azaldılmasında “əsas rol oynayan” Aİ müşahidə missiyasının fəaliyyətini tam dəstəklədiyini vurğulayıb.

Halbuki son zamanlar Ermənistan hakimiyyətinin ritorikasını sərtləşdirməsi, irəli sürülən bütün təşəbbüsləri bloklaması və Azərbaycana qarşı əsassız iddialarla çıxışlar etməsi məhz Aİ-nin missiyası ilə bağlıdır. Sirr deyil ki, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistan bu missiyanı öz təcavüzkar siyasətinin bir hissəsinə çevirir.

Nəticə etibarilə Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib. Rəsmi Parisin mövqeyini qərəzli edən əsas məqam isə şübhəsiz, 25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən İrəvanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməməsi, münaqişənin həllinə çalışmamasıdır.

Turan Rzayev
Globalinfo.az