Fransa Yunanıstanın taleyini yaşaya bilər

Fransada fövqəladə dərəcədə qısa seçkiqabağı kampaniyada bir mövzu – alıcılıq qabiliyyəti üstünlük təşkil edir. Bütün düşərgələr əhaliyə daha çox gəlir vəd edir. Rekord həcmdə dövlət borcu olan bu ölkə maliyyə nöqteyi-nəzərindən küncə sıxışdırılmış vəziyyətdədir.

Globalinfo.az  xəbər verir ki, bu barədə Almaniyanın “Tagesschau” xəbər portalı yazır.

Portal qeyd edir ki, Fransa Milli Assambleyasına növbədənkənar seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, ölkənin iflas olması təhlükəsi var. “Tagesschau” vurğulayır: “Ya biz, ya da xaos” – hökumətin xalqa mesajı budan ibarətdir.

Fransanın iqtisadiyyat naziri Bruno le Mer xəbərdarlıq edir ki, bir vaxtlar Yunanıstanda olduğu kimi, ölkə Aİ-nin maliyyə nəzarəti altına düşə bilər. Baş nazir Qabriel Attal isə bildirib ki, hər iki düşərgənin proqramları çox bahalıdır. Onun hesablamalarına görə, Marin Le Penin başçılıq etdiyi ifrat sağçı “Milli birlik” partiyasının təqdim etdiyi layihələrin dəyəri 140 milyard avro olacaq ki, bu da xərclərin xeyli artması və əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması ilə nəticələnəcək.

“Tagesschau” qeyd edir ki, Fransa hökumətinin özü elə bərbad büdcə müəyyən edib ki, Avropa Komissiyası ifrat büdcə kəsirinə (5,5 faiz) görə ölkənin əleyhinə cərimə tədbirləri prosedurlarının tətbiqinə çağırıb.

Makronun prezidentliyi dövründə dövlət borcu görünməmiş səviyyədə artıb və ÜDM-in 98 faizindən 110 faizə çatıb. Bu səbəbdən onun hökuməti milyardlarla dollar dəyərində sərt iqtisadi təbirlərin həyata keçirilməsini planlaşdırırdı. “Tagesschau” yazır ki, amma o, “kəmərləri sıxmağa” çağıraraq bu seçkilərdə qəlbə qazana bilməyəcək.

Öz növbəsində, sol ittifaq müəllimlərin maaşlarını inflyasiyaya uyğunlaşdırmaq və məktəbdə şagirdləri pulsuz yeməklə təmin etmək, pensiya yaşını 60-a endirmək , habelə sərvət və artıq mənfəət vergisi tətbiq etmək vədləri ilə çıxış edir. Bundan əlavə, minimum əməkhaqqı indiki 1380 avrodan 1600 avroya qədər əhəmiyyətli dərəcədə artmalıdır ki, bu da yüz minlərlə iş yerinin itiriləcəyi proqnozlaşdırılan kiçik və orta şirkətlərin rəhbərləri tərəfindən tənqidlə qarşılanır.

İqtisadiyyat naziri le Mer sahibkarların nəhayət öz “qabığından çıxmasını”, solçu və sağçıların bahalı proqramlarına şübhə ilə yanaşmasını istəyir. Ən mühüm biznes qəzeti “Les Echos” Fransanın bəzi aparıcı sahibkarlarından sitat gətirir: “Makron bizi uçuruma aparır!”, “Ölkənin yenidən qurulmasının həlli Makronun gedişi ilə ola bilər”.

“Tagesschau” xəbər portalı Makronun yeni seçkilər təyin etmək qərarı ilə yaranan qeyri-müəyyənliyin Fransa üçün zərərli olduğu ilə bağlı yekun qənaət ifadə edib. Bu qərardan bir həftə sonra aparıcı CAC 40 indeksi (investorlar üçün əsas göstərici) əhəmiyyətli dərəcədə aşağı düşüb. Seçkilərin nəticələrindən asılı olaraq, Fransa üçün kreditlər ciddi şəkildə bahalaşa və borc yükü artmaqda davam edə bilər.