Martın 8-də Bakının “Tarqovı” adlanan ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı “Yaşamaq istəyirik” şüarı ilə “8 MARŞ” adlı yürüş keçirilib. Son bir neçə ildir feminist adlandırılan qrup tərəfindən bu yürüş eyni tarixdə təşkil edilir.
Aksiya iştirakçıları xüsusilə qadın qətillərinə diqqət çəkməyə çalışdıqlarını qeyd edir, müxtəlif plakatlar qaldırırlar. Ölkədə əksəriyyət tərəfindən bu yürüş birmənalı qarşılanmır.
Bəs bu kimi aksiyalar nə dərəcədə effektivdir, vacibdir? Qeyd edilən mövzuya başqa hansısa formada reaksiya vermək mümkün olardı?
Novella Cəfəroğlu
Mövzunu Globalinfo.az-a şərh edən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, problemin həlli üçün cəmiyyət birgə çalışmalıdır, sözügedən aksiyalarla problemin həllinə nail olmaq mümkün deyil:
“Həqiqətən də, son illərdə Azərbaycanda qadınların zorakılıqla qətlə yetirilməsi halları artıb. Amma ölkəmizdə feminist adlandırılan qrupun bu məsələyə aidiyyatı yoxdur. Cəmiyyətdə qadın-kişi demədən hər kəs birlikdə bu problemin həllinə çalışmalıdır. Qadına qarşı zorakılığın qarşısının alınması üçün vacib, müsbət nəticə əldə edə biləcəyimiz addımlar atılmalıdır. Sözügedən qrupun üzvü olan xanımların isə feminizm cərəyanının mahiyyətini doğru şəkildə anlamadıqlarını düşünürəm. Hesab edirəm ki, onların başa düşdüyü feminizm anlayışı Müsəlman Şərqində, Azərbaycanda hələ yetişməyib. Bir çox cəmiyyətlər insan haqları, qadın hüquqlarının qorunması üçün mübarizə aparır. Artıq biz qadınların birliyini, onların seçki hüququnun təmin edilməsini, qadına qarşı zorakılıqla mübarizəyə, erkən nikah hallarına qanunda yer verilməməsi kimi müsbət halları müşahidə edirik. Sadəcə əsas problem lazımı mexanizmlərin işləməməsidir, bunun üçün çalışmalıyıq. Biz bu mexanizmlərdən istifadə edə bilsək, gözəl nailiyyətlər qazana bilərik”.
N.Cəfəroğlu bu kimi fəaliyyətlərin feminizm cərəyanının səhv anlaşılmasına səbəb olduğunu söyləyib:
“Plakat qaldırmaqla problemlərin həllinə nail olmaq mümkün deyil. Qəbul edilmiş qanunların həyata keçirilməsini tələb etmək lazımdır. Mən 30 ildir qadın hüquqlarının müdafiəsi üçün mübarizə aparıram. Həmin feminist xanımlar fəaliyyətlərində nəyə nail ola bildiklərinə dönüb nəzər salsınlar. Ölkədə fəaliyyət göstərən qadın təşkilatları qadınları bələdiyyə seçkilərinə hazırlayırlar, vacib proseslərdə iştirak edirlər. Çox təəssüf ki, dünən keçirilən aksiya heç bir əhəmiyyətli nəticə verməyəcək. Əksinə, feminizm cərəyanının səhv anlaşılmasına səbəb olur, ona qarşı aqressiya yaradır. Əsl feminizm bu deyil”.
Feminizm anlayışını Globalinfo.az-a şərh edən politoloq Yeganə Hacıyeva bildirib ki, bu anlayışın Qərbdən qaynaqlanması fikri doğru deyil:
“Bəşəriyyət tarixində feminizm qadın hüquqları uğrunda mübarizənin, cəmiyyətdə bərabərliyin formalaşmasında xidməti olmuş bir cərəyandır. Feminizmin ilkin təzahürlərində dünyada həqiqətən də qadınlar və kişilər arasında bərabərsizliyin aradan qaldırılması, qadınların həyatının yaxşılaşdırılması, təhsil almaq, işləmək, səsvermə hüquqlarını əldə etməsi və s. istiqamətlərdə böyük nailiyyətlər qazanılıb. Cərəyanın ilkin olaraq Qərb cəmiyyətlərində başladıldığı deyilir. Amma feminizmin əsası olaraq qadın hüquqları uğrunda mübarizənin yalnız Qərbdən qaynaqlandığını iddia etmək yanlışdır. Məsələn, bir müsəlman ölkəsi olan Azərbaycan qadınlara səsvermə hüququnu müasir dövrdə demokratiya və bərabərliyin beşiyi sayılan ölkələrdən qat-qat daha öncə təmin etmişdi.
Feminizm, qadın hüquqlarının müdafiəsi Azərbaycanda da cəmiyyət tərəfindən dəstəklənmiş bir təzahür olub. Bu istiqamətdə biz dünyanın bir çox mütərəqqi ölkələrindən daha öndəyik”.
Y.Hacıyeva qeyd edib ki, müasir dövrdə bu cərəyanın adı altında görülən işlərin real feminizmlə əlaqəsi yoxdur:
“Əvvəllər feminizmin əsas məqsədi qadın hüquqları uğrunda mübarizə olaraq götürülürdü. 1980-ci illərdən etibarən radikal feminizm inkişaf etməyə başladı. Sonrakı müddətdə bu cərəyan siyasi məqsədlər üçün istismar olundu. Məhz bu yanaşma da bütün dünyada feminizmin gözdən düşməsilə nəticələndi. O dövrdən etibarən feminizmlə bağlı yanlış təsəvvür formalaşdırıldı. Bu cərəyanın əsas aparıcı ideologiyası olan qadın və kişi bərabərliyi fəsləfəsindən uzaqlaşdırılaraq, cəmiyyətlərin, ənənəvi ailə institutunun sıradan çıxarılması üçün təbliğat formasına çevrildi. Bu gün beynəlxalq təşkilatların, müəyyən birliklərin bu ad altında gördüyü işlərin real feminizmlə əlaqəsi yoxdur. Hazırkı cərəyan qadınların təhsil hüquqlarının bərpası, cəmiyyətdə diskriminasiyaya məruz qalması, iş şəraitinin yaxşılaşdırılması və s. kimi mövzularda deyil, daha çox publarda pivə içə bilmək, cinsi azlıqların haqlarının müdafiəsi, şəxsin cinsi seçim azadlığı kimi cəmiyyətin aqressiyasına hesablanmış təbliğat üsuluna çevrilib. Proses indi bütün dünyada eyni şəkildə irəliləyir”.
Yeganə Hacıyeva
Politoloq qadın hüquqları uğrunda mübarizə mövzusunun digər məsələlər üçün istismar edildiyini söyləyib və son zamanlarda ciddi hal alan qadın qətllərinə diqqət çəkib:
“Ölkəmizdə gender sahəsində ciddi işlər görən təsisatlar, bir də feminizmi qeyd etdiyim digər mövzular üçün istismar edən qruplar var. O qruplar bütün dünyada olduğu kimi Azərbaycanda da səs-küylüdürlər. Hədəfi qadın hüquqlarının müdafiəsi olmayan istənilən feminizm cərəyanı, fləşmobları və s. cəmiyyət üçün faydalı deyil. Qadın haqlarının müdafiəsi, bərabərlik üçün mübarizə aparan QHT-lərin, Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsi və digər bu kimi qurumların 8 Martla bağlı keçirdiyi aksiyalar cəmiyyət üçün daha faydalı idi. Amma qadın hüquqları mövzusunu digər məsələlər üzərindən istismar edən, səs-küy yaratmağa çalışan qrupların tədbirlərini isə elə də faydalı adlandırmaq olmaz. Bunlar cəmiyyətin ailə dəyərlərini əsas götürən mühafizəkar kəsimində qıcıq yaratmağa, siyasi məqsədlər üçün istifadə olunmağa hesablanmış tədbirlərdir. Əsl feminizm bu deyil.
Onu da qeyd edək ki, son dövrlərdə postpandemiya dövrünün bütün dünyada yaşanan təzahürlərindən biri olan cəmiyyətlərin aqressivləşməsi və cinsi dözümsüzlük halları yaşanmaqdadır. Son bir neçə ayda ölkənin müxtəlif bölgələrində qadınların zorakılıqla öldürülməsi hallarını müşahidə edirik. Əslində, hər kəsin diqqəti bu mövzuya yönəlməlidir. Bu kimi problemləri aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.
Ayşən Mustafa














