Milli Məclisin deputatı Fazil Mustafa evinin qarşısında güllələndikdən sonra xəstəxanaya yerləşdirilib. Onun Kliniki Tibbi Mərkəzdə əməliyyat edildiyi, başqa klinikaya köçürüldüyü qeyd edilib.
Globalinfo.az xəbər verir ki, xəstəxana qarşısında xeyli sayda ictimaiyyət nümayəndələri – deputatlar, partiya sədrləri, jurnalistlər, QHT sədrləri, deputatın yaxınları yığılıb. Xəstəxananın çölündə və içində hüquq mühafizə orqanlarının əməkdaşlarının olduğu da yayılan video və fotolardan görünür.
Bunlara baxmayaraq, deputatın xəstəxanada ciddi qoruma altına alınmasına ehtiyac var. Adının çəkilməsini istəməyən təhlükəsizlik ekspertinin Globalinfo.az-a dediklərinə görə, əməliyyatdan sonra onun yatdığı palata xüsusi mühafizə altına alınmalıdır. Tibb personalı dəqiq yoxlanılmalıdır. Dərmanların tərkibinə diqqət edilməlidir. Palata sutka boyu ən peşəkar hüquq mühafizə əməkdaşları tərəfindən qorunmalıdır.
Bu qədər narahatlığa, tədbir almağa səbəb nədir?
Ekspert yazıçı Rafiq Tağının taleyini yada saldı. Bildirdi ki, yaxın tarixdə Azərbaycan bu cür qorxulu hadisəni yaşayıb. Sui-qəsdə məruz qalmış yazıçı xəstəxanada müalicə alarkən şübhəli şəkildə ölüb.
Xatırladaq ki, R.Tağı 2011-ci ilin noyabrında küçədə naməlum şəxslər tərəfindən bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən yazıçı əməliyyatdan sonra palataya köçürülüb. Bir gündən çox palatadan jurnalistlərlə, yaxınları ilə təmasda olan R.Tağı qəfil dünyasını dəyişib. Hələ də onun həyatına xəstəxanada ikinci dəfə sui-qəsd edildiyi şübhəsi qalır.
Yada salaq ki, Rafiq Tağının ölüm fitvasının İran tərəfindən verildiyi iddia edilir. Fazil Mustafanın sui-qəsd əmrinin də İrandan gəlməsinə dair şübhələr var. Artıq bu haqda yazılır, deyilir.
Qeyd edək ki, artıq F.Mustafanın başqa klinikaya köçürüldüyü bildirib. Bunun da təhlükəsizlik tədbiri olduğu ehtimal edilir.
Globalinfo.az
Xəbər Xidməti














