Əsgərimizin döyülməsinə 10 qat artıq cavab veriləcək – Qərar vaxtıdır

Əsgərimizin döyülməsinə 10 qat artıq cavab veriləcək – Qərar vaxtıdır

Ermənistan ərazisində olan əsgərimizin döyülmə, işgəncə videosu Azərbaycan cəmiyyətində böyük gərginlik yaradıb. Xalq bu görüntülərdən hiddətlənib. Lokal qisas əməliyyatı, ya da genişmiqyaslı hərbi əməliyyatlar keçirmək haqda təkliflər səslənir. Bəs indiki vaxtda buna getməyimiz diplomatik cəbhədə bizə problem yarada bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, məlum hadisəyə mütləq ciddi şəkildə cavab veriləcək:

“Həmin görüntülərin yayılması Azərbaycanda böyük narazılığa səbəb olub. İnsanların çoxu intiqam hissi ilə məsələyə münasibət bildirir və qarşı tərəfin cəzalandırılmasını tələb edirlər. Necə cavab veriləcəyinə isə təbii ki, ölkə rəhbərliyi və orduya komandanlıq edən şəxslər qərar verməlidirlər. Xüsusilə beynəlxalq aləm mövzu ilə bağlı məlumatlandırılmalıdır. Dünəndən etibarən bu istiqamətdə işlərin görülməsinə başlanılıb. Amma bu görüntü cəmiyyətdə ciddi neqativ reaksiyaya səbəb olub, əlbəttə, bunun hansısa formada mütləq cavabı olacaq.

Təmas xəttində Ermənistan tərəfi təxribat yaratdı. Növbəti dəfə belə bir təxribat olarsa, yəqin ki, buna 5-10 qat daha artıq cavab veriləcəyini düşünürəm. İkinci Qarabağ müharibəsi də belə başlamışdı. Bizə qarşı törədilən təxribatlara əks həmlə ilə cavab verərək torpaqlarımızı azad etdik. Həmçinin ötən ilin sentyabrında da oxşar hadisə oldu. Həmin təxribatın cavabında da müəyyən yüksəlikləri nəzarətə götürdük. Düşünürəm ki, bu təxribatın və görüntülərin yayılması da bir əməliyyatla nəticələnməlidir. Hərbçimizə işgəncə edib görüntülərini paylaşırlar. Demək ki, artıq qərar verilməlidir”.

Əsgərimizin döyülməsinə 10 qat artıq cavab veriləcək – Qərar vaxtıdır

Elxan Şahinoğlu

Politoloq beynəlxalq təşkilatların Azərbaycanın müraciətlərinə münasibətindən söz açıb:

“Bəzi ölkələr bizi deyil, erməni yalanlarını eşitmək istəyirlər. Amma bizim vəzifəmiz odur ki, bu istiqamətdə fəaliyyətimizi genişləndirək. Dünən mövzu ilə bağlı ombudsmanın da beynəlxalq təşkilatlara müraciəti oldu. Eyni zamanda xarici ölkələrdəki səfirliklərimiz də bu görüntülərlə bağlı həmin ölkələrin reaksiyasını öyrənməlidirlər. Ermənipərəst mərkəzlər bunu görmək və eşitmək istəməyəcəklər. Amma biz yenə də məsələ ilə bağlı faktları çatdırmalıyıq”.

Qeyd edək ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, işgəncə veriblər. Daha sonra isə həmin görüntülər sosial şəbəkə və Ermənistan mətbuatında yayımlanıb.

Ayşən Mustafa
Globalinfo.az