Ermənistanla Türkiyə arasında nə baş verir? – Sərhəd qapılarının “açarı” Bakıdadır…

Ermənistanla Türkiyə arasında nə baş verir? - Sərhəd qapılarının “açarı” Bakıdadır...

Ötən gün xüsusi nümayəndələr – Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Sərdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan arasında sayca 5-ci görüş baş tutub. Görüş çərçivəsində diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Bu görüş Azərbaycanla koordinasiya edilirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar formalaşmaqda olan siyasi konfiqurasiyaya, region dövlətlərinin daxili və xarici diplomatiyasına da öz təsirini göstərib, həmçinin müxtəlif əməkdaşlıq platformalarının qurulmasını inkişafın başlıca prioriteti kimi zərurətə çevirib:

“Bu baxımdan da Türkiyənin və Ermənistanın xüsusi nümayəndələrinin sərhədlərin açılmasını və əlaqələrin inkişaf etdirilməsini müzakirə etdikləri görüşləri, əsasən, İrəvan üçün böyük əhəmiyyətə malikdir.

Ermənistanla Türkiyə arasında nə baş verir? - Sərhəd qapılarının “açarı” Bakıdadır...

Elmir Səftərov

Çünki Ermənistan silahlı qüvvələrinin 1993-cü ildə Kəlbəcər rayonunu işğal etdikdən sonra Türkiyə bu dövlətin təcavüzkar siyasəti ilə əlaqədar olaraq sərhədlərini bağlaması İrəvanın uzun illər ərzində iqtisadiyyatına və ümumilikdə bütün sahələrdəki inkişafına ciddi zərbə vurub. Ermənistan bu mənfi tendensiyanı aradan qaldırmaq, Türkiyə ilə sərhədləri açmaq üçün müxtəlif zamanlarda müəyyən cəhdlər etsə də, təcavüzkar ritorika, Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddiası onun bütün səylərini nəticəsiz hala gətirib.

Türkiyə və Ermənistanın yaxınlaşmasını, ikitərəfli münasibətlərin inkişaf etdirilməsini özündə ehtiva edən 2009-cu il oktyabrın 10-da imzalanan Sürix protokolları da tərəflər arasında hər hansı irəliləyişə təkan vermədi və nəticəsiz qaldı. Müzakirələrdə ilkin şərtsiz ifadəsinin keçməsinə baxmayaraq, Türkiyə hökuməti o dövrdə də öz şərtlərində israrlı idi”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın 1915-ci il qondarma erməni “soyqırımı” siyasətindən əl çəkməməsi, Türkiyəyə qarşı ərazi iddialarını özünün hüquqi-normativ sənədlərindən çıxarmaması, eyni zamanda, keçmiş Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın istədiyi həll variantını qəbul etməyərək, Naxçıvan-Azərbaycan yolunun açılmasına mane olması Türkiyə- Ermənistan münasibətlərini irəli aparmağa imkan vermədi:

“O vaxtdan bəri Ermənistanın beynəlxalq hüquqa zidd olaraq yürütdüyü ambisiyalı davranışları və arxalandığı güclərin təlqinləri də bu əlaqələrin tənzimlənməsinə problem yaradan məsələlərdən idi.

Ermənistanla Türkiyə arasında nə baş verir? - Sərhəd qapılarının “açarı” Bakıdadır...

“Sürix Protokolları”nın ideya müəllifləri müzakirə aparır. İstanbul, aprel 2009.

2009-cu ildə Sürix protokollarının imzalanması mərasimində iştirak edən dövlətlərə – ABŞ, Rusiya və Fransaya baxdıqda bunun uğurlu gələcək vəd etməyəcəyi bəlli idi. Çünki bu üç tərəf ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, ilk növbədə, geosiyasi maraqları naminə keçmiş münaqişənin həllinin dondurulmasının və “status-kvo”nun saxlanılmasının tərəfdarı kimi məqsədlərini gizlədə bilməmişdilər.

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Ermənistan sərhədinin açılması istiqamətində müzakirələr və görüşlər yenidən aktiv fazaya keçməyə başlayıb. Ermənistanın son illər Qərbə meyillənməsi fonunda Türkiyə ilə sərhədlərin açılması məsələlərinin müzakirə olunması diqqətləri cəlb edir. Bu da o anlama gəlir ki, Avropa İttifaqı (Aİ) Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamağa qərar verdikdən sonra Türkiyə ilə sərhədlərin açılması İrəvana hava və su kimi lazımdır.

İyulun 30-da da Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin beşinci görüşü baş tutub. Digər görüşlərdə olduğu kimi, Ankara Nikol Paşinyan administrasiyasına edilən daxili təzyiqlərdən xəbərdar olduğundan İrəvanı daha çətin vəziyyətə salmamaq üçün Ermənistanın regional siyasətində ciddi addımlar atacağına ümid edir. Ermənistan da anlayır ki, Türkiyə rəsmiləri daxili şərtlərindən əlavə, normallaşma prosesinin təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə paralel aparılmalı olduğunun tərəfdarıdır”.

Elmir Səftərovun qənaətincə, bu fikri rəsmi şəxslərdən əlavə, Azərbaycan və Türkiyə liderləri də ifadə ediblər:

“Ermənistan isə Azərbaycanla sülh müqaviləsi imzalamaqdansa, Zəngəzur dəhlizinin açılması istiqamətində səy göstərməkdənsə, Türkiyə ilə sərhədlərini açmağa üstünlük verir və təktərəfli mövqe sərgiləyir. Bu da tərəflər arasında keçirilən görüşləri formallaşdırır. Ermənistan anlamlıdır ki, strateji müttəfiqlik münasibətlərinə malik olan Azərbaycan və Türkiyə ən həssas mövzularda da bir-birinin maraqlarını müdafiə edirlər.

Hazırkı məqamda Türkiyə ilə sərhədlərin açılması ən çox Ermənistanın işinə yaraya bilər, görüşlərdə “ilkin şərtsiz” ifadəsinin vurğulanmasına baxmayaraq, əgər Ankaranın bəlli şərtləri yerinə yetirilməsə, tərəflərin görüşləri müsbət nəticə verməyəcək. Ümumilikdə isə mövcud situasiya onu deməyə əsas verir ki, Türkiyə-Ermənistan münasibətlərinin inkişafı Bakı və İrəvan arasındakı normallaşmanın xarakterindən də asılı olacaq”.

Safura Bənnayeva
Globalinfo.az