
Avropa İttifaqı Azərbaycan və Ermənistan rəsmilərinin növbəti görüşünü Brüsseldə keçirməyə çalışır.
Maraqlıdır, İttifaqın Azərbaycana qarşı çıxışları fonunda “Brüssel formatı”nın effektivliyi qalıbmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı bildirib ki, Avropa İttifaqının vasitəçilik missiyası xeyli çətinliklərlə üzləşdi: “Qranada görüşündəki qeyri-səmimi mövqedən sonra bu formatın imicinə ciddi xələl gəldi. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyir ki, yanvar ayında Vaşinqtonda sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilə bilər. Lakin bu da inandırıcı görünmür. Şarl Mişelin isə yenidən fəallaşdığı müşahidə edilir”.
Ekspert qeyd edib ki, sülh bütün tərəfləri qane etməlidir, əks halda istənilən razılaşma müvəqqəti və faciəvi ola bilər:
“Ermənistan rəsmilərinin mövqeyindən aydın olur ki, Rusiyanı prosesdən tamamilə uzaqlaşdırmağa, Avropa İttifaqının vasitəçiliyinə uyğun mövqe formalaşdırmağa çalışırlar. Azərbaycan belə balanssızlaşdırılmış mövqe ilə razılaşa bilməz. Çünki regionda Qərblə Rusiya arasında müəyyən razılaşma olmalıdır ki, sülh uzunmüddətli olsun.
Son vaxtlar vasitəçisiz danışıqlar məsələsi gündəmdədir. Azərbaycan bunun tərəfdarıdır, lakin Ermənistan çəkinir. İstəyir ki, imzalayacağı sənəddə beynəlxalq təminat olsun”.
Safura Bənnayeva
Globalinfo.az














