Ermənistanın Laçın nəzarət-buraxılış məntəqəsinin qarşı tələfində təşkil etdiyi humanitar şou davam edir. Bununla belə bu taktika Ermənistanın işinə yaramadı. Rəsmi İrəvanın “Humanitar fəlakət” şousu gözlədikləri effekti vermədi.
Azərbaycan Ermənistan üzərindən ona yönələn bəzi beynəlxalq oyunçuları təmkini ilə məğlub edir. Əslində təşkil olunmuş bu oyunu bəhanə edərək beynəlxalq aləmdən genişmiqyaslı siyasi-diplomatik hücuma şahidlik etmədik.
Maraqlıdır, bəs bundan sonra nə olacaq? Bakının təklif etdiyi alternativ variant – Ağdam-Xankəndi yolundan erməni əhaliyə humanitar yüklərin daşınmasına nail olunacaq?
İlyas Hüseynov
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Ermənistanın Azərbaycan ilə razılaşdırmadan Laçın nəzarət-buraxılış məntəqəsinə göndərdiyi “Humanitar yüklər“ siyasi diplomatik təxribatdan başqa bir şey deyil:
“Hesab edirəm rəsmi İrəvanın bu təxribatı nəticəsiz oldu. Belə ki, Azərbaycan ona edilən təzyiqlərə dirənərək ermənilərin məqsədinə çatmasına icazə vermədi.
Bununla paralel erməni dezinformasiyalarına qarşı da verilən cavablar tutarlı oldu. Düşünürəm, məhz buna görə biz qarşıya qoyulan hədəfə nail ola bildik.
Əlbəttə ki, hər zaman olduğu kimi bu dəfə də erməni yalanlarına inanan insanlar oldu. Bu da təbiidir. Belə ki, erməni lobbisi diasporu uzun illərdir Qərbdə kök salıb, nüfuz əldə edib. Lakin nəticə göz qabağındadır.
Bakının təklif etdiyi alternativ variant – Ağdam-Xankəndi yolu bu gün də keçərlidir. Laçın yolundan heç bir halda xüsusilə də kimlərinsə təzyiqinə görə humanitar yüklərin daşınmasına icazə vermək olmaz.
Bu məsələ yalnız və yalnız Bakının təklif etdiyi yol ilə reallaşa bilər. Bu həm də konstitusiyamızın tələblərinə uyğundur.
Hesab edirəm bu mövqeyimiz bundan sonra da davam etməlidir. Ermənistanın çağırışlarına, atacağı təxribatçı addımlara baxmayaraq biz bu yoldan ayrılmamalıyıq”.
Turan Rzayev
Globalinfo.az














