Ermənistanın Rusiyaya yolunu təbiət bağlayıb, yoxsa?..

Rusiya Ermənistanı blokadaya salır. Yuxarı Lars yolunun təbii səbəblərdən yox, siyasi amillərə görə Moskvanın qərarı ilə bağlandığı deyilir. Hətta Ermənistandan Rusiya şəhərlərinə göndərilən kənd təsərrüfatı məhsulları belə sərhəddən buraxılmır. Fitosanitar tələblərə cavab vermədiyi bəhanə gətirilir.

İddia olunur ki, Putin Paşinyanın şıltaqlığının, Qərbə reveranslar etməsinin bədələni bu şəkildə ödədir. Baxmayaraq ki, Kreml rəhbəri son aylar İrəvanın Rusiyanı qıcıqlandıran davranışlarına təmkinlə yanaşırdı.

Maraqlıdır, indi nə baş verdi ki, Rusiya hakimiyyəti Paşinyanı və ölkəsini belə cəzalandırmaq qərarına gəldi? Moskva bununla həm də Ermənistanı Azərbaycana möhtac qoyur?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əlimusa İbrahimov deyib ki, Yuxarı Lars yolu təbii səbəblərdən bağlanıb:

Əlimusa İbrahimov

“Burada hansısa siyasi səbəbin olduğunu düşünmürəm. Belə ki, təkcə Ermənistanın deyil, həm də Gürcüstanın məhsulları Rusiya bazarına çıxarılmır. Bu da bir daha onu göstərir ki, məsələ təkcə Ermənistanla bağlı deyil.

Digər yandan, Ermənistan məhsulları Rusiya bazarı üçün vacibdir. Düzdür, Rusiya özü də öz bazarının tələbatını ödəyir, lakin kənar ölkə məhsulları da vacib sayılır. Belə bir təzyiq Rusiya üçün də ziyanlıdır.

Rusiya ilə Ermənistan arasındakı mövcud gərginlik nə qədər pis olsa da Kreml İrəvana qarşı necə təzyiq edəcəyini açıqlamayıb. Hesab edirəm, Rusiyanın Ermənistanı cəzalandırması kimi iddialarını rəsmi İrəvan irəli sürüb. Bununla da bir daha iki ölkə münasibətlərində Rusiyanın günahkar olduğu mesajı verilir”.

Turan Rzayev
Globalinfo.az