Ermənistanın Naxçıvanla sərhədə yaxın ərazilərə (Arazdəyən tərəf) zirehli texnika yığması neçə gündür müzakirə edilir. Bu, ciddi insident yaratdı. Bir həftəyə yaxındır iki ölkə arasında ciddi gərginlik yaşanır.
Bəzi iddialara görə, Ermənistan bu addımı həm də gündəmi dəyişmək məqsədi ilə atıb. Bu insident Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı başlayan müzakirələrin ən qızğın vaxtında baş verdi.
Ola bilərmi, Nikol Paşinyan Ermənistan ictimaiyyətində Tavuş mövzusunda yaranan qəzəb dalğasını yatırmaq üçün bu addıma getsin?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, son zamanlar Ermənistanla Azərbaycan arasında gərginliyin artması Brüssel görüşü ərəfəsində gözlənilən idi:
“Aqressiv ritorikanın bundan sonra daha da güclənməsi mümkündür. Ümumiyyətlə, İrəvanın bu ritorikasının arxasında xeyli dərəcədə Qərb, o cümlədən ABŞ və Avropa İttifaqından ayrılan maliyyə dayanır. Qərb Ermənistan üçün “çətir” rolunu oynayır və öz göstərişlərini verir. Gərginliyin artması diplomatik kanalların işləməsinə mane olur.
Bu, 8 kəndin taleyi ilə bağlı məsələyə də aiddir. Amma işğal altındakı kəndlərin taleyi məsələsi gündəmdən düşməyib. Ən azından rəsmi Bakı üçün. İrəvan çox vaxt olduğu kimi yenə də vaxtı uzatmağa çalışır. Qərb isə “suların durulmasına” mane olur. Bu, perspektivdə rəsmi Bakının işğal altındakı kəndlərin hərbi yolla azad etməsi ehtimalını artırır”.
Globalinfo.az bildirir ki, Ermənistanın son insidentdə iki məqsədinin olduğu aşkardır. Birincisi, Naxçıvanla şərti sərhədə zirehli texnika yığmaqla Azərbaycanı təxribata çəkmək istəyib. Bununla da təhlükəsizliyinin təhdid altında olduğunu göstərməyə çalışıb. İkincisi isə Qazaxın 4 kəndi ətrafında yaranmış müzakirələri gündəmdən çıxarmağı hədəf götürüb.
Turan Rzayev














