Rusiyada Ermənistanın denasifikasiyası, yəni de-milliləşməsi tələbi irəli sürülür. Bəzi təkliflər var ki, Ermənistan işğalçı ənənələrə malik dövlət kimi həm də demilitarizasiya olunmalıdır, yəni ordu saxlamaq hüququndan məhrum edilməlidir.
Tarixdə belə nümunələr olub. Müharibədən sonra bəzi ölkələrə ordu saxlamaq qadağan edilib. İkinci dünya müharibəsindən sonra beynəlxalq birlik tərəfindən Yaponiyaya ordu saxlamaq qadağası qoyuldu. Ermənistanı bu aqibət gözləyə bilər?
Mövzunu Globalinfo.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli ordu saxlamaq hüququ olmayan ölkələrdən söz açıb:
“Bəzi ölkələrin ordusu ya məhdud səviyyədədir, ya da ümumiyyətlə yoxdur. Məsələn, İslandiya, Kosta-Rika, Monako kimi təxminən 6 ölkə məhdud sayda ordu saxlayır. Amma bəzi ölkələrin ümumiyyətlə ordusu yoxdur. Monakonun ordu saxlamaması və onun hərbi təhlükəsizliyinə Fransanın cavabdeh olması ilə bağlı iki ölkə arasında 300 illik bir müqavilə imzalanıb. Həmçinin Marşall adaları olan Palau, Mikroneziya kimi Okeaniya ölkələri də hərbi baxımdan Amerika Birləşmiş Ştatlarından asılıdırlar. İkinci Dünya müharibəsinin nəticələrinə əsasən Yaponiyada da xüsusi xidmət orqanları istisna son zamanlara qədər ordu yox idi”.
Ə.Əlibəyli Ermənistanın hərbi təhlükəsizliyinə Azərbaycan və Türkiyənin cavabdeh ola biləcəyini qeyd edib:
“Hesab edirəm ki, Ermənistanda ordu qadağan edilməlidir. Elə strateji müttəfiqi Fransa Monako ilə bağladığı kimi, İrəvan da Azərbaycan və Türkiyə ilə hərbi müttəfiqlik haqqında müqavilə imzalaya bilər. Biz o ölkənin təhlükəsizliyini bilavasitə təmin edə bilərik. Bakı və Ankara bu günə kimi Ermənistan ərazisində təhlükə yarada biləcək addım atmayıb. O cümlədən dövlətlərin ərazi bütövlüyünə təcavüz kimi beynəlxalq cinayətlərlə assosiasiya edilən Ermənistanın ordusuna nə ehtiyac var. Amma bunun hüquqi baxımdan təmin edilməsi üçün beynəlxalq təşkilatların, BMT-nin qərarı olmalıdır. O da ki, hazırda real görünmür”.
Ayşən Mustafa
Globalinfo.az













