Ermənilərin özününküləşdirmək istədiyi Ağ xaç kilsəsi – FOTO

Ermənilərin işğal dövründə özününküləşdirməyə çalışdığı və erməni irsinin nümunəsi kimi təbliğ etdikləri Azərbaycan abidələrindən biri də Hadrut qəsəbəsindəki Ağ xaç kilsəsidir.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qarabağda yerləşən və Azərbaycan xalqının maddi-mədəni, tarixi-dini irs nümunələrindən olan Ağ xaç kilsəsi Hadrut qəsəbəsi ilə Çinarlı kəndi arasında hündür təpə üzərində yerləşir. Ağ xaç kilsəsi burada vaxtilə mövcud olmuş monastırın baş kilsəsidir. İnşa tarixi məlum olmasa da, ərazidəki bir sıra kitabələr hələ IX əsrdə bu kilsənin fəaliyyətdə olduğunu təsdiqləyir.

UNEC Multikulturalizm Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayevanın sözlərinə görə, nəinki Ağ xaç kilsəsinin ərazisində, ümumiyyətlə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində alban irsinə aid çox zəngin maddi-mədəni abidələr var:

“Bu abidələrdən 144-nün alban dövrünə aid olduğu qeydə alınıb. Əslində isə qeydə alınmamış daha çox abidə var. Çünki sovet dövründə albanşünas alimlərin burada tədqiqatlar aparmasına çox ciddi maneələr törədilirdi. Amma hazırda belə tədqiqatlar üçün gözəl imkan var. İki əsrdən bəri ilk dəfədir ki, Azərbaycan alimləri burada obyektiv tədqiqat aparmaq imkanı qazanıblar. Ona görə də Alban kilsələrində, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurun kilsələrində albanşünas alimlər, tədqiqatçılar geniş araşdırmalar aparacaqlar.

Qarabağ və Zəngəzur ərazilərində, demək olar ki, hər kənddə belə qədim kilsə və monastır mövcud olub. Ötən əsrin 70-80-ci illərindən etibarən Qarabağda, bütövlükdə Azərbaycan ərazisində maddi-mədəni abidələrin pasportlaşdırılması işi həyata keçirilirdi. Bunun böyük hissəsi Qarabağ bölgəsinə düşürdü. Amma 80-ci illərdə, xüsusilə bu bölgəyə Azərbaycan alimlərinin buraxılmasına çox ciddi maneələr törədilirdi. Ona görə də alban abidələrinin böyük bir qismi qeydiyyata alınmamışdı. Rəsmi qeydiyyatda olan alban abidələrinin sayı 144 olsa da, tədqiqatlar göstərir ki, onların sayı daha çoxdur”.

Onun sözlərinə görə, ermənilər hələ XIX əsrdən başlayaraq alban kilsələrinin mənimsənilməsinə və qriqorianlaşdırılmasına çalışıblar. Çünki bura gəlmə olduqlarını ört-basdır etmək üçün alban kilsələrinə və etnomədəni irsimizə sahib çıxmağa çalışırdılar. XIX əsrdən etibarən alban kilsələrində alban tayfalarına məxsus bütün ornamentlər, nişanələr aradan qaldırılırdı. Bütün kitabələr hissə-hissə Ermənistana daşınırdı.

Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari isə qeyd edib ki, ermənilər tarixi abidələri, kilsə və məbədləri hələ 200 il öncədən – Qarabağ və ətraf rayonlara kütləvi köçdən sonra özününküləşdirməyə çalışıblar.

“Otuz ilə yaxın işğal dövründə xristian albanlara məxsus dini abidələrin əksəriyyətinin ilkin arxitekturasına xeyli dəyişiklik edilib, tikililər üzərində olan və tarixi sübut kimi qiymətləndirilən memarlıq elementləri və epiqrafik nümunələr dağıdılıb. Kilsələrdə, monastırlarda nə qədər saxtakarlıqlar ediblər. Hələ XIX əsrdən başlayaraq alban kilsələrinin mənimsənilməsinə və qriqorianlaşdırılmasına çalışıblar. Burada olan kilsələrin bəziləri konservasiya olacaq, bir hissəsi bərpa edilib camaatın ixtiyarına veriləcək, bir hissəsi də muzey kimi fəaliyyət göstərəcək”, – deyə o əlavə edib.

Bir sözlə, işğal dövründə erməni silahlıları tərəfindən dağıdılan və yararsız hala salınan, həmçinin baxımsız vəziyyətdə qalan şəhər və rayonlarımız, kənd və qəsəbələrimiz kimi, kilsələr, türbələr, məscidlər də yenidən bərpa olunacaq. Alban abidələri, məbədləri, əslində, tariximizin canlı arxividir. Bütün bunların araşdırılması bizə alban abidələri haqqında yeni məlumatlar, yeni faktlar ortaya çıxarmağa imkan verəcək.