Erməni diversantları sərhədimizə kim göndərib? – Gümanlar bu paytaxtda

Erməni diversantları sərhədimizə kim göndərib? - Gümanlar bu paytaxtda

Xəbər verdiyimiz kimi, may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. İki diversant saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək qaça biliblər.

Diqqətçəkən əsas məqam hadisənin Moskva görüşündən sonra baş verməsidir.

Maraqlıdır, erməni diversantların təxribat törətməsi Moskva görüşünün nəticəsiz qalması ilə bağlıdır? Bu təxribatın arxasında Kreml dayanır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüş nəticəsiz qaldığı üçün təxribatlar gözlənilən idi:

Erməni diversantları sərhədimizə kim göndərib? - Gümanlar bu paytaxtda

Məhəmməd Əsədullazadə

“Moskvada görüşdən sonra, Zəngilanda Ermənistanın diversiya həyata keçirməsi prosesin tərkib hissəsidir. Məsələ ondan ibarətdir ki, Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsi, Rusiya üçün gözlənilməz bəyanat idi. Çünki Rusiya Qarabağı Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qarşı olub.

Moskva çalışır ki, Yerevanı bu siyasətindən çəkindirsin. Bundan başqa, Rusiya həm də istəyir ki, sülhməramlılar Azərbaycanda daimi qalsın.

Azərbaycan Prezidenti İlham Əliyev isə bunu qəti şəkildə qəbul etmir. Çünki Rusiya Qarabağda sülhməramlı adı altında daima qalmağı, ermənilərə statusun verilməsi məsələsini açıq saxlanması ilə nəticələnə bilər. Bu mənada deyə bilərəm ki, Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsi mümkün deyil.

Zəngilan istiqamətində diversiyanın bir digər səbəbi də Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı ortaya qoyduğu iradədir. Rusiya buna da qarşıdır”.

Turan Rzayev
Globalinfo.az