Ermənistanın 8-ci sinif tarix dərsliyində dəyişiklik etməsi Rusiyanın narazılığına səbəb olub.
Globalinfo.az xəbər verir ki, dəyişikliyə əsasən yeni dərsliklərdə 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi ilə Rusiya İmperiyasının “Şərqi Ermənistan”ı anneksiya etdiyi qeyd olunub.
Bundan öncəki versiyada isə “Şərqi Ermənistan”ın Rusiya İmperiyasına qatıldığı yazılmışdı.
Məsələni Rusiyanın “Sputnik” agentliyinin İrəvan bürosu gündəmə gətirib. “Sputnik”i buna vadar edən məqam dərslikdə Rusiya İmperiyasının Ermənistanı işğal etməsi fikrinin yaradılması olub. Agentlik məsələ ilə bağlı Ermənistan Təhsil Nazirliyindən cavab almağa çalışıb. Nazirlik isə bildirib ki, yeni dərslik çap olunubsa, deməli, razılıq verilib.
Qalmaqala Rusiyanın Ermənistandakı təsir agentləri adlandırılan simalar da qoşulub. Politoloq Benyamin Matevosyan Türkmənçay müqaviləsinin anneksiya kimi təqdim edilməsinin düşünülmüş addım olduğunu deyib.
Qeyd edək ki, Türkmənçay müqaviləsi 1828-ci ilin fevralında qüvvəyə minib. Bu, Azərbaycan ərazilərinin yekun olaraq bölünməsini rəsmiləşdirən müqavilə kimi ortaya çıxıb. Rusiya İmperiyası Azərbaycanın şimal hissəsini işğal edib və ərazidəki bütün xanlıqların varlığına son qoyub. Müqavilənin imzalanmasından sonra İrəvan, Qarabağ və Naxçıvan xanlıqları ərazisinə Şərqi Anadolu və İrandan ermənilərin kütləvi köçü həyata keçirilib. Rusiya çarlığı bununla öz müstəmləkə siyasətini müsəlmanların çoxluq təşkil etdiyi bölgədə həyata keçirməyə və özünə dayaq qurmağa çalışıb.
Müqavilədən az sonra ermənilər İrəvan xanlığı və digər ərazilərdə ermənilərin çarlığının təşkilini istəsələr də, çar I Nikolay bununla razılaşmayıb. Köç siyasəti nəticəsində İrəvan xanlığındakı demoqrafik balans dəyişməyə başlayıb və nəticədə XIX əsrin sonlarında ermənilər və azərbaycanlıların sayı bərabərləşib.
Əliyar Xəlil
Globalinfo.az














