erdogan zerite

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriyaya səfəri, burada “Heyət Təhrir əş-Şam”ın rəhbəri Əbu Məhəmməd Colani ilə səmimi görüşü diqqət çəkib.

Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalından sonra Fidanın Dəməşqə yollanması siyasi dairələrdə müzakirələrə səbəb olub. Bəzi ekspertlərin fikrincə, Ankara Suriyada qurulacaq yeni hökumət vasitəsi ilə bu ölkənin idarəçiliyinə nəzarəti yavaş-yavaş əlinə alır. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da yaxı zamanlarda Dəməşqə səfərinin planlaşdırdığı deyilir.

Ankaranın Suriyadakı proseslərdə rolu necə nəticələnə bilər? Türkiyə rəhbərliyinin əsas hədəfi nədir?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Ankaranın Dəməşqə artan marağı hər kəsə bəllidir:

“Son zamanlar intensivləşən diplomatik trafik də bunu sübut edir. Əvvəlcə kəşfiyyat xidmətinin rəhbəri İbrahim Kalın Dəməşqə gedərək “Hayat Tahrir Şam” (HTŞ) lideri Əhməd Hüseyin eş-Şara (Colani) ilə görüşdü. Sonra növbə xarici işlər naziri Hakan Fidana çatdı, sonrakı mərhələdə isə Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın paytaxtına gedəcək.

Böyük ehtimalla Hakan Fidan keçmiş kəşfiyyat rəhbəri kimi HTŞ lideri ilə daha əvvəldən tanış idi. Türkiyə rəsmilərinin Dəməşqə artan səfərləri Suriyadakı baş verənlərin Ankaranın maraqlarına uyğun olduğu yanaşmasını bir daha təsdiq edir”.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Politoloqun sözlərinə görə, Türkiyə HTŞ ilə birgə Suriyanın şimalında PKK təşkilatının varlığına son qoymağı hədəfləyir:

“Bu, Dəməşqdəki keçici hökuməti üçün vacibdir. Beləliklə həm ölkənin ərazi bütövlüyü təmin olunacaq, həm də Suriyanın ən məhsuldar torpaqları nəzarət altına alınacaq.

Həmçinin keçici hökumətin Suriyanın yenidən qurulmasında Türkiyənin dəstəyinə ehtiyacı var. İki ölkə bəzi detalları müzakirə edəcək və bunları addım-addım reallaşdıracaqlar”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: