Elton Məmmədov: “YAP-ın namizədi hələ qeydə alınmayıb”

 

Elton Məmmədov: “YAP-ın namizədi hələ qeydə alınmayıb”

Sabiq deputat Elton Məmmədovun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyinə dair xəbərlər yayılıb. Onun 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd olduğu deyilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq deputat Elton Məmmədov xəbəri təsdiq edib. O, namizədliyinin artıq qeydə alındığını bildirib:

“Düzü, namizədliyimi irəli sürdüyüm 94 saylı Ucar seçki dairəsindən dörd rəqibim var ki, onlardan biri də Yeni Azərbaycan Partiyasının (YAP) verdiyi namizədlər sırasında olan Ramil Həsəndir. Amma onun və digərlərinin namizədliyi hələ rəsmən qeydə alınmayıb. Artıq qərar əsasında imzalarımı toplayıb, namizədlik vəsiqəmi də almışam”.

Elton Məmmədov yenidən seçilib-seçilməmə imkanlarından danışıb:

“Buna qədər üç dəfə deputat seçilmişəm. Bu dəfə seçicilərin məni seçib-seçmədiyini zaman göstərəcək. Hazırda konkret bir söz deyə bilmərəm. Hər şeyə seçici qərar verəcək. Çünki bu, seçicilərin müstəqil qərarıdır”.

Qeyd edək ki, Elton Məmmədov Milli Məclisin II, III və IV çağırış deputatı olub.

Zaira Akifqızı
Globalinfo.az