Prezident İlham Əliyevin indiki Ermənistan ərazisində tarixi Azərbaycan toponimləri ilə bağlı səsləndirdiyi fikirlər ciddi müzakirələrə səbəb olub. Dövlət başçısının açıqlamaları xüsusilə Ermənistan KİV və ictimaiyyətində rezonans doğurub.
Ümumilikdə bu məsələnin qaldırılması həm tarixi, həm də siyasi baxımdan əhəmiyyətlidir. Çünki toponimlər yalnız coğrafi adlar deyil, həm də milli-mədəni irsin və tarixi həqiqətlərin qorunmasının göstəricisidir. Analitiklərin fikrincə, Prezidentin mövqeyi bir tərəfdən Azərbaycanın tarixi və mədəni haqqını vurğulamaq, digər tərəfdən isə bölgədə faktiki vəziyyəti və tarixi reallıqları xatırlatmaq məqsədi daşıyır.
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Prezidentin Milli Elmlər Akademiyasında toponimlərlə bağlı səsləndirdiyi fikirlər milli yaddaş və kimlik üçün strateji əhəmiyyət kəsb edir:
“Üstəlik, tarixi-mədəni coğrafiyamızın tanınması milli yaddaşa xitab deməkdir. Cənubi Qafqaz da daxil olmaqla böyük bir etno-mədəni coğrafiyanın azərbaycanlılara aid olması heç kimə sirr deyil. Bunu Ermənistan da saxtalaşdıra bilmədiyi toponimlərdə sübut edir.

Hikmət Babaoğlu
Təəssüf ki, tarixi həqiqəti siyasiləşdirməyə çalışırlar. Burada həm tarix təhrif olunur, həm də səslənən fikirlər düzgün anlaşılmır. Kimin hansı münasibəti göstərməsindən asılı olmayaraq, İrəvan şəhəri başda olmaqla Qərbi Azərbaycandakı toponimlər Azərbaycan dilindədir. Bu tarixi gerçəyi heç kim dəyişə bilməz”.
Turan Rzayev
Globalinfo.az














